Logo
    NordVPN-də Windows xidmətlərini dayandıra bilən boşluq bağlandı

    NordVPN-də Windows xidmətlərini dayandıra bilən boşluq bağlandı

        “Nord Security” “NordVPN” xidmətinin “Windows” tətbiqində tapılan təhlükəsizlik boşluğunu bağlayıb. Cihaza əvvəlcədən zərərli proqram yerləşdirən hücumçu bu boşluqdan yararlanaraq bəzi qorunmayan xidmətləri dayandıra bilirdi. Problem 8.12.0.0 və sonrakı versiyalarda yoxdur. Hücum üçün kompüterdə zərərli proqramın əvvəlcədən işləməsi lazım olduğuna görə risk aşağı sayılır.
    NordVPN-də Windows xidmətlərini dayandıra bilən boşluq bağlandı
        CVE-2026-106030 kodu verilən boşluq CVSS v4 təhlükə şkalası üzrə 6,8 bal alıb. Kompüterdə məhdud giriş hüququ olan hücumçu özünü etibarlı proqram kimi göstərə bilirdi. Beləliklə, bəzi xidmətləri dayandırmaq və ya onların avtomatik açılmasını əl rejiminə keçirmək olurdu. Nəticədə həmin proqramların işi müvəqqəti dayanırdı. Problemi təhlükəsizlik mütəxəssisi Marcin Ressel aşkarlayıb və “CERT Polska” qurumuna göndərib.
        Boşluq “Windows” proqramlarının öz aralarında məlumat ötürdüyü xüsusi rabitə kanallarından qaynaqlanırdı. Hücumçu “NordVPN” tətbiqinin kanalına qoşulub icazə yoxlanmadan əmrlər göndərə bilirdi. Geniş giriş hüququ verən belə kanallar yalnız etibarlı proqramlardan gələn sorğuları qəbul etməlidir. Lakin 8.12 versiyasından əvvəl bu yoxlama lazımi səviyyədə aparılmayıb.
        Boşluq kritik və sistemin qoruduğu xidmətləri söndürmür. “Windows Defender” və “Windows Tamper Protection” hücumdan təsirlənmir, VPN bağlantısına da zərər dəymir. Hücumçu yalnız media oynatma ilə bağlı xidmətlər kimi az əhəmiyyətli proseslərin vəziyyətini dəyişə bilər. Səbəb müəyyənləşdirildikdən sonra dəyişdirilən parametri əvvəlki vəziyyətinə qaytarmaq olur.
        Bu boşluqdan internet üzərindən uzaqdan yararlanmaq olmur. Hücumçu əvvəlcə kompüterə yerli giriş əldə etməlidir. İndiyədək problemin real hücumlarda işlədilməsi barədə məlumat yoxdur. “NordVPN” istifadəçiləri tətbiqi açıb quraşdırılmış versiyanı yoxlamalıdır. Təhlükəsizlik üçün proqramı 8.12.0.0 və ya daha yeni versiyaya yeniləmək kifayətdir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...