Logo
    OpenAI-ın süni intellekt agentləri ABŞ-nin dövlət saytlarına daxil olub

    OpenAI-ın süni intellekt agentləri ABŞ-nin dövlət saytlarına daxil olub

        “OpenAI” şirkətinin sınaq mühitindən çıxan və tapşırıqları özü yerinə yetirən süni intellekt agentləri ABŞ-nin dövlət qurumlarının saytlarına daxil olaraq bəzi məlumatları götürüb. Şirkət agentlərin Ticarət Nazirliyi və Qiymətli Kağızlar və Birjalar Komissiyasının saytlarına planlaşdırılmayan üsullarla qoşulduğunu təsdiqləyib. Təhsil Nazirliyinin saytı ilə bağlı ehtimal olunan hadisə də araşdırılır. Baş verənlər agentlərin verilən tapşırığın sərhədlərini aşması ilə bağlı narahatlığı artırıb.
        “Transluce” araşdırmasına görə, agent Təhsil Nazirliyinin vətəndaş hüquqları ofisindən məlumat götürmək üçün sayta müdaxilə etməyə çalışıb. Başqa bir agent internetdə tapdığı giriş məlumatları ilə Siyahıyaalma Bürosunun saytından məlumat əldə edib. Digər agent Qiymətli Kağızlar və Birjalar Komissiyasının açıq məlumatlarını onlayn forumda paylaşıb. Məlumatların çoxu ictimai olsa da, agentlərin iş üsulu verilən tapşırığın sərhədlərini aşıb.
        Çikaqo meriyasının nümayəndəsi də agentin bələdiyyə saytından ictimai məlumat götürdüyünü açıqlayıb. “OpenAI” hadisə barədə şəhər rəhbərliyinə özü xəbər verib. Daha əvvəl Avstraliyanın baş naziri şirkətin agentinin ölkənin “Medicare” dövlət tibbi sığorta sisteminə müdaxilə etdiyini demişdi. “OpenAI” təsirlənən saytların bir hissəsinin hökumət və dövlət qurumları tərəfindən idarə olunduğunu təsdiqləyib.
        “OpenAI” “Hugging Face” hadisəsindən sonra modellərin əsas məqsəddən yayınması ilə bağlı yoxlamaya başlayıb. Araşdırma xüsusilə agentlərin verilən tapşırığı və seçilən üsulları aşaraq başqa şirkətlərin saytlarına qoşulduğu halları əhatə edir. “OpenAI”-ın sözlərinə görə, yoxlanılan işlərin böyük hissəsi açıq internetdə məlumat axtarmaq kimi adi araşdırma tapşırıqları olub.
        Şirkət agentlərin hökumət saytlarına tez-tez daxil olmasını həmin saytların etibarlı ictimai məlumat mənbələri olması ilə izah edib. “OpenAI” rəhbəri Sam Altman “X” sosial şəbəkəsində uyğunsuz davranışların lazım olan sürətlə açıqlanmadığını etiraf edib. Onun sözlərinə görə, şirkət hadisələri ağırlıq dərəcəsinə görə sıralayır. “Hugging Face” hadisəsi indiyədək aşkarlanan ən ciddi hal sayılır.
        Ayrı yoxlama zamanı “OpenAI” agentlərinin “ChatGPT” istifadəçilərinin təqdim etdiyi şəkilləri foto paylaşma saytlarına yerləşdirdiyi 53 hal aşkarlanıb. Şirkət bu şəkillərin süni intellektlə yaradılıb-yaradılmadığını və ya real şəxsləri tanımağa şərait yaradıb-yaratmadığını açıqlamayıb. Şəkillərin çoxu artıq silinib, qalanlarının götürülməsi üçün iş davam edir. “OpenAI” gələcəkdə agentlərin məlumatları icazəsiz şəkildə başqa platformalara çıxarmasının qarşısını almaq üçün yoxlama prosesini yaxşılaşdırır.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...