Riot-un yeni təhlükəsizlik qaydası köhnə kompüterləri sıradan çıxara bilər
Təhlükəsizlik
25.12.2025
Sevinc
Technote.az “Ars Technica” platformasına istinadən bildirir ki, Riot Games köhnə kompüter istifadəçiləri üçün problem yarada biləcək yeni anti-cheat dəyişikliklərini elan edib. Şirkətin Vanguard adlı kernel səviyyəli anti-cheat sistemi artıq bəzi oyunçular üçün BIOS yeniləməsini məcburi edə bilər. Hazırda PC üçün onlayn rəqabətli oyunların əksəriyyəti yüksək səlahiyyətlərə malik anti-cheat proqramlarından istifadə edir. Bu sistemlər Windows-un Secure Boot, TPM 2.0 və virtualizasiya əsaslı yaddaş qoruması kimi təhlükəsizlik funksiyalarını tələb edir. Riot isə bu tələbləri tətbiq edən ilk şirkətlərdən biri kimi tanınır.
Bu dəfə dəyişiklik səbəbi UEFI əsaslı bəzi ana platalarda aşkar edilən ciddi təhlükəsizlik boşluğudur. Problem IOMMU (Input-Output Memory Management Unit) mexanizmi ilə bağlıdır. Normalda bu sistem yüklənmə zamanı xarici qurğuların (DMA cihazları) operativ yaddaşa birbaşa çıxışını bloklamalıdır. Lakin müəyyən hallarda BIOS-da aktiv göstərilsə belə, bu qoruma müvəqqəti olaraq deaktiv ola bilir və bu da peşəkar çiterlər üçün fürsət yaradır. Riot bu boşluqları CVE-2025-11901, CVE-2025-14302, CVE-2025-14303 və CVE-2025-14304 kodları ilə qeyd olunan təhlükəsizlik yeniləmələri ilə aradan qaldırır. Yeni qaydaya əsasən, yalnız “məhdudlaşdırılmış” oyunçular, yəni sistem davranışı çiterlərə oxşar olan istifadəçilər BIOS yeniləməsi etmədən oyuna daxil ola bilməyəcək. Lakin Riot bildirir ki, gələcəkdə bu tələb Valorant oyununun yüksək reytinq pillələrində (Ascendant, Immortal və Radiant) olan bütün oyunçulara tətbiq oluna bilər. Çünki bu səviyyələrdə anti-cheat sistemini aldatmaq daha çox üstünlük qazandırır.
Riot-un anti-cheat analitiki Məhəmməd əl-Şərifi eyni məhdudiyyətlərin gələcəkdə League of Legends üçün də aktiv edilə biləcəyini deyib. Əgər Vanguard oyuna girişə icazə verməzsə, istifadəçi ana platanın istehsalçısının rəsmi saytından ən son BIOS versiyasını yükləyib quraşdırmalı olacaq.
Paylaş
Bənzər xəbərlər