Logo
    main-post-cover

    Son 6 ayda Azərbaycanda 2 000 zərərli resurs zərərsizləşdirilib

        Son 6 ay ərzində Azərbaycanda 2 000 zərərli kontent yayan resurs zərərsizləşdirilib. Bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Saməddin Əsədov IV Milli Kibertəhlükəsizlik Forumunda məlumat verib.
        Technote.az xəbər verir ki, hesabat dövründə həmçinin 200 iri DDoS hücumu zərərsizləşdirilib. Eyni zamanda 1,5 milyondan çox informasiya sızması aşkarlanıb və 160 min botnet şəbəkəsinin fəaliyyəti dayandırılıb.
        Nazir müavininin sözlərinə görə, ölkədə kiber təhlükəsizlik sahəsində məlumat mübadiləsini təmin etmək üçün Vahid Kiber Təhlükəsizlik Platforması yaradılıb. Hazırda platformaya 50-dən çox qurum qoşulub və şəbəkənin genişləndirilməsi davam edir.
        Kibertəhlükəsizlik üzrə maarifləndirmə istiqamətində də işlər aparılıb. Ötən dövrdə 705-dən çox tədbir keçirilib və təxminən 48 min vətəndaş bu sahədə məlumatlandırılıb.
        Son 3 il ərzində Azərbaycan Kiber Təhlükəsizlik Mərkəzində 360-a yaxın mütəxəssis hazırlanıb. Onların 86 %-i artıq işlə təmin olunub, əlavə olaraq 120 mütəxəssis ixtisasartırma proqramına cəlb edilib və 53 təşkilatda kiber maarifləndirmə təlimləri keçirilib.
     
    Paylaş