Logo
    main-post-cover

    Sosial şəbəkələrdə saxta “cərimə ödənişi” səhifələri yayılıb

        Elektron Təhlükəsizlik Xidməti sosial şəbəkələrdə yayılan bəzi internet səhifələri ilə bağlı vətəndaşlara xəbərdarlıq edib. Bildirilib ki, “cərimələrin ödənilməsi”, “cəriməyə endirim” və “borcun bağlanılması” kimi məzmunlarla reklam olunan səhifələr fişinq məqsədilə istifadə olunur.
        Technote.az xəbər verir ki, aparılan monitorinqlər zamanı bir sıra saxta internet resursları aşkarlanıb. Həmin resursların rəsmi dövlət platformalarını təqlid etdiyi müəyyən edilib.
        Məlumata görə, saxta səhifələr vasitəsilə istifadəçilərin bank kartı məlumatları və digər fərdi məlumatlarını ələ keçirməyə cəhd edilir. Xüsusilə CVV/CVC kodları və təsdiq məlumatlarının hədəf alındığı qeyd olunub.
        Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara sosial şəbəkələrdə yayılan şübhəli reklamlara etibar etməməyi tövsiyə edib. Həmçinin ödənişlərin yalnız rəsmi dövlət informasiya sistemləri üzərindən aparılması məsləhət görülüb.
        Qurum vətəndaşlara daxil olduqları internet səhifələrinin domen ünvanlarını diqqətlə yoxlamağı tövsiyə edir. Kiberdələduzluq halları ilə qarşılaşan şəxslərə aidiyyəti qurumlara məlumat vermək çağırışı edilib.
    Paylaş