main-post-cover

    Tesla əməkdaşları elektromobillərin kameraları ilə çəkilmiş foto və videoları öz aralarında bölüşürlərmiş

    Təhlükəsizlik
    07.04.2023
    Farid Pardashunas
        2019-cu ildən 2022-ci ilə kimi Tesla-nın bəzi əməkdaşları şirkətin müştərilərinə məxsus olan Tesla elektromobillərindəki kameralar vasitəsilə çəkilmiş foto və videoları öz aralarında daxili messencer üzərindən bölüşüblər. Bu barədə xəbəri Reuters saytı 9 nəfər keçmiş Tesla əməkdaşına istinadən verib. Məlumatda qeyd edilib ki, şirkət əməkdaşlarının öz aralarında bölüşdükləri foto və videolar elektromobillərdəki avtopilot sisteminin işində istifadə edilən xarici kameralar vasitəsilə çəkilib. Bəzi hallarda müştərilər elektromobil kameralarına yöndəmsiz vəziyyətlərdə düşüblər. Məsələn videolardan birində tamamilə çılpaq olan kişi elektromobilə yaxınlaşıb.
        Şirkət əməkdaşları bir-birilərinə həmçinin yol qəzaları və elektromobillərin aqressiv şəkildə idarə olunmaları ilə bağlı videoları da göndəriblər. Tesla-nın sözlərinə əsasən elektromobillərin kameraları vasitəsilə çəkilən foto və videolar tamamilə anonim olaraq qalırlar. Lakin Reuters saytına müsahibə vermiş keçmiş Tesla əməkdaşlarının sözlərinə əsasən bu, həqiqəti tam olaraq əks etdirmir. Belə ki, şirkət əməkdaşları tərəfindən istifadə edilən şirkət daxili tətbiq çəkilmiş foto və videoların geolokasiya məlumatlarını təyin edə bilir. Bunun sayəsində isə bu və ya digər elektromobil sahibinin harda yaşadığını tapmaq olar.
        3 il bundan öncə şirkət əməkdaşları öz müştərilərindən birinin qarajında Lotus Esprit adlı idman avtomobilinin xüsusi versiyasını aşkar etmişdilər. Məlumata əsasən həmin versiya 1977-ci ildə James Bond haqqında çəkilmiş “The Spy Who Loved Me” filminin çəkilişləri zamanı sualtı qayığa çevrilə bilirmiş. Lakin sonradan məlum olub ki, avtomobilin kolleksiya məqsədli versiyası əslində Elon Musk-a məxsusdur. Musk onu 2013-cü ildə 968 000$-a alıb. Musk-ın bu hadisədən xəbəri olub-olmadığı bilinmir. Şirkət əməkdaşlarının öz aralarında bu cür foto və videoları hələ də paylaşıb-paylaşmadıqları məlum deyil. Lakin keçən il bu cür hallara rast gəlinirdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər