Logo
    main-post-cover

    Tesla qapıları yenidən gündəmdə: NHTSA Model 3 ilə bağlı araşdırmaya başlayıb

        Technote.az “Gizmodo” platformasına istinadən bildirir ki, Tesla avtomobillərində qapı mexanizmi ilə bağlı mübahisələr yenidən gündəmdədir. Bloomberg-in aylarla davam edən araşdırmasına görə, Elon Musk şirkət mühəndislərinin xəbərdarlıqlarına baxmayaraq, elektron daxili qapı açma mexanizminin istifadəsində israr edib.
        Məlumata görə, Tesla Model 3-ün hazırlanması mərhələsində mühəndislər 12 voltluq batareyadan asılı olan elektron düyməli qapı açarının riskli olduğunu Musk-a bildiriblər. Çünki qəza zamanı bu batareya sıradan çıxa və qapılar açılmaya bilər. Qanunvericiliyin tələblərinə uyğun olaraq avtomobillərə mexaniki (manual) ehtiyat açar əlavə edilsə də, problem onun aydın şəkildə işarələnməməsi və sərnişinlər üçün əlçatan olmaması olub. İddialara görə, bu dizayn problemi nəticəsində Tesla Model Y və Model 3 daxil olmaqla bəzi Tesla modellərində bir çox qəza hadisəsi baş verib. Qəza zamanı elektrik enerjisinin kəsilməsi səbəbindən sərnişinlərin qapıları aça bilmədiyi, mexaniki açarın yerindən xəbərsiz olduğu bildirilir.
    Automatic Opening Doors For Tesla Model 3/Y | Installed in Arizona
        Bu həftə ABŞ-nin yol təhlükəsizliyinə cavabdeh qurumu National Highway Traffic Safety Administration (NHTSA) məhz Model 3 ilə bağlı yeni rəsmi araşdırmaya start verdiyini açıqlayıb. Araşdırmaya səbəb 2022-ci il istehsalı Model 3 sahibinin göndərdiyi şikayət məktubu olub. Corciya ştatından olan Kevin Klouz məktubunda baş-başa toqquşma nəticəsində avtomobilinin alışdığını, elektrik sisteminin sıradan çıxdığını və qapını aça bilmədiyi üçün arxa oturacağa keçərək şüşəni təpiklə sındırmaq məcburiyyətində qaldığını bildirib. O, bu hadisə nəticəsində ciddi xəsarətlər alıb və bir neçə cərrahiyyə əməliyyatı keçirib.
        Qeyd edək ki, elektron qapı mexanizmləri yalnız Tesla-ya məxsus deyil. Digər avtomobil istehsalçıları da oxşar həllərdən istifadə edib. Lakin bu texnologiya illərdir etibarlılıq və təhlükəsizlik baxımından tənqid olunur. Consumer Reports kimi nüfuzlu qurumlar bu səbəbdən bəzi modellərin reytinqlərini aşağı salıb və istehsalçılara daha təhlükəsiz qapı sistemləri üçün çağırış edib.
    Paylaş