Valve müştərilərinə xəbərdarlıq edib
Təhlükəsizlik
11.08.2026
Sevinj
Valve Avropada Steam Machine və Steam Controller sifariş edən müştərilərinə məlumat sızması ilə bağlı xəbərdarlıq edib. Hadisə birbaşa Valve sistemlərində deyil, şirkətin Avropadakı cihazlarının çatdırılmasını həyata keçirən CEVA Logistics şirkətinə edilən kiberhücum nəticəsində baş verib. CEVA Logistics avqustun 7-də Valve-a məlumat verib ki, şirkətin sistemlərinə edilən hücum nəticəsində bəzi müştərilərin çatdırılma məlumatları ələ keçirilib. Valve bundan sonra hadisədən təsirlənmiş ola biləcək istifadəçiləri müəyyənləşdirərək onlara xəbərdarlıq məktubları göndərməyə başlayıb.
Sızdırılan məlumatlar arasında müştərilərin:
- ad və soyadı;
- yaşadığı ölkə;
- ev və çatdırılma ünvanı;
- telefon nömrəsi;
- e-poçt ünvanı;
- sifariş etdiyi məhsul;
- məhsula ödədiyi məbləğ var.
Əsas risklərdən biri odur ki, sifariş zamanı istifadə edilən e-poçt ünvanı Steam hesabına bağlı ünvanla eynidir. Buna görə də kiberdələduzlar konkret istifadəçinin hansı e-poçt ünvanından Steam üçün istifadə etdiyini bilə bilərlər. Bununla belə, Steam hesablarının şifrələri, ödəniş məlumatları və Steam Guard kodları oğurlanmayıb. Valve bildirir ki, CEVA Logistics-in bu məlumatlara ümumiyyətlə çıxışı olmayıb. Valve həmçinin qeyd edir ki, CEVA sifarişlərin çatdırılma məlumatlarını 90 gün ərzində öz sistemlərində saxlayıb. Buna görə hadisədən əsasən həmin müddət ərzində sifariş vermiş müştərələrin təsirləndiyi ehtimal olunur.
Paylaş
