Sadə bir proqramdan Google-un Avropa kibermərkəzinə gedən yol
Təhlükəsizlik
26.12.2025
Sevinc
33 il sonra Bernardo Kintero həyatının istiqamətini dəyişən şəxsi tapmaq qərarına gəldi. Universitet illərində kompüterinə yoluxmuş bir virusu yaradan anonim proqramçını.
“Virus Málaga” adlanan bu zərərli proqram əslində ciddi təhlükə yaratmırdı. Lakin onu zərərsizləşdirmək tapşırığı gənc Kinteroda kibertəhlükəsizliyə dərin maraq oyatdı. Məhz bu maraq onu sonradan VirusTotal startapını yaratmağa apardı. Google şirkəti VirusTotal-ı 2012-ci ildə satın aldı və bu addım Google-un Avropadakı əsas kibertəhlükəsizlik mərkəzinin Málagada qurulmasına səbəb oldu. Beləliklə, şəhər tədricən texnologiya mərkəzinə çevrildi. Bütün bunların başlanğıcı isə kimliyi uzun illər naməlum qalan bir proqramçının yazdığı kiçik bir virus idi.
Nostalji və minnətdarlıq hissi ilə Kintero bu ilin əvvəlində həmin şəxsi axtarmağa başladı. İspaniya mediasına müraciət etdi, virusun mənbə kodunu yenidən analiz etdi və gənclik illərində fərqinə varmadığı detalları araşdırdı. Axtarışın nəticəsini isə sonradan LinkedIn-də paylaşdı və bu paylaşım qısa müddətdə viral oldu.
Hekayə 1992-ci ilə gedib çıxır. Málaga Politexnik Məktəbinin kompüterlərinə yayılan 2610 baytlıq virusla mübarizə aparmaq Kinteroya müəllimi tərəfindən tapşırılmışdı. “Universitetin ilk ilində qarşıma çıxan bu çağırış kompüter virusları və təhlükəsizlik sahəsinə marağımı oyatdı. Əgər bu olmasaydı, həyat yolum tam fərqli ola bilərdi,” – deyə Kintero TechCrunch-a bildirib.
Bu ilin əvvəlində o, Google-da menecer vəzifəsindən imtina edərək yenidən texniki araşdırmalara qayıtdı. Məhz bu prosesdə “Virus Málaga”nı yenidən incələyərkən kodun içində gizli mesajlar tapdı. Daha sonra virusun bir variantında “KIKESOYYO” (“Mən Kikeyəm”) yazısı aşkarlandı. “Kike” isə ispan dilində “Enrique” adının ləqəbidir.
Nəhayət, virusun müəllifinin adı ortaya çıxdı: Antonio Astorga. Lakin Kintero öyrəndi ki, o artıq dünyasını dəyişib. Sonradan məlum oldu ki, onun tam adı Antonio Enrique Astorga imiş və ailəsi onu “Kike” deyə çağırırmış. Antonio Enrikenin xatirəsi bu gün də yaşayır. O, sonradan orta məktəbdə informatika müəllimi kimi çalışıb və dərs dediyi məktəbdə İT sinfi onun adını daşıyır. Üstəlik, onun oğlu Sergio hazırda proqram mühəndisliyi üzrə məzundur və kibertəhlükəsizlik və kvant hesablamalarına maraq göstərir.
Kinteroya görə, bu hekayə təkcə şəxsi bir dairənin tamamlanması deyil, həm də Málagada formalaşan yeni texnologiya nəsillərinin simvoludur. VirusTotal-ın yaratdığı ekosistem nəticəsində şəhər bu gün Google Safety Engineering Center-in (GSEC) əsas mərkəzlərindən birinə çevrilib və universitetlərlə sıx əməkdaşlıq edən güclü kibertəhlükəsizlik mərkəzi formalaşıb.
Paylaş
Bənzər xəbərlər