Vyanada “CyberCon26” beynəlxalq konfransı keçirilib
Təhlükəsizlik
14.05.2026
Farid
Avstriyanın Vyana şəhərində Atom Enerjisi üzrə Beynəlxalq Agentlik tərəfindən “CyberCon26” beynəlxalq konfransı təşkil olunub. Tədbirdə nüvə infrastrukturlarında kibertəhlükəsizlik riskləri və rəqəmsal təhlükəsizlik məsələləri müzakirə edilib.
Technote.az xəbər verir ki, konfransda Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin əməkdaşı Günay Əbdiyeva-Əliyeva təqdimatlarla çıxış edib. Təqdimatlar süni intellekt əsaslı kibertəhlükəsizlik və rəqəmsal ekspertiza mövzularına həsr olunub.
Çıxışlarda nüvə obyektlərində proaktiv təhdid aşkarlanması və qabaqcıl davamlı təhdidlərin qarşısının alınması məsələləri diqqət mərkəzində olub. Həmçinin APT təhdidləri, daxili risklər və ICS zəifliklərinin aşkarlanması ilə bağlı yanaşmalar təqdim edilib.
Konfrans çərçivəsində ICS/OT mühitlərinin qorunması və kritik infrastrukturlar üçün qabaqlayıcı təhlükəsizlik mexanizmləri də müzakirə olunub. Tədbirdə kibertəhlükəsizlik sahəsində çalışan beynəlxalq ekspertlər və dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, “CyberCon26” nüvə təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində keçirilən mühüm beynəlxalq platformalardan biri hesab olunur. Konfrans müxtəlif ölkələrdən olan tədqiqatçıları və mütəxəssisləri bir araya gətirib.
Paylaş