main-post-cover

    Whatsapp kimi tətbiqlərin sındırılması artıq milyonlarla dollara başa gəlir

    Kibertəhlükəsizlik
    09.10.2023
    Emil Noisy
        Təhlükəsizlik mexanizmlərinin daimi olaraq təkmilləşdirilməsi, müxtəlif sistem boşluqlarının aradan qaldırılması və əlavə təhlükəsizlik tədbirlərinin reallaşdırılması Android iOS əsasında çalışan smartfonların və onlar üçün nəzərdə tutulmuş tətbiqlərin sındırılması prosesini olduqca bahalı bir prosesə çevirirlər. Buna görə də Whatsapp kimi tətbiqlərin sındırılması hal hazırda milyonlarla dollara başa gəlir. Özünü rus platforması kimi qələmə verən və informasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislərdən müxtəlif yeni kiberhücum sxemlərini alan Operation Zero adlı şirkət keçən ayın sonunda elan etmişdi ki, o, Android və iOS cihazları üçün nəzərdə tutulmuş yeni kiberhücum sxemlərinin əldə edilməsinə 200 000$-dan 20 milyon dollara kimi vəsait xərcləməyə hazırdır.
        Söhbət, sözügedən əməliyyat sistemləri vasitəsilə çalışan cihazlardakı yüksək səviyyəli eksploytlardan (exploit) gedir. Məlumatda qeyd edilib ki, ayrıca tətbiqlərin sındırılması qiymətlərində də artım müşahidə olunur. 2021-ci ildəki statistikaya əsasən bu və ya digər Android istifadəçisinin Whatsapp-dakı çatlarını ələ keçirməyə imkan verən kiberhücum sxeminin qiyməti 1.7 milyon dollar ilə 8 milyon dollar arasında dəyişib. İnformasiya təhlükəsizliyi sahəsində fəaliyyət göstərən mütəxəssislər 2019-cu ildə aşkar etmişdilər ki, İsrailin NSO Group adlı şirkətinin bəzi müştəriləri öz qurbanlarının cihazlarındakı Whatsapp-ın sındırılması üçün şirkətin proqram təminatından istifadə ediblər.
        Bu hadisə ilə bağlı məlumatın ortaya çıxmasından sonra messencer NSO Group-u məhkəməyə verərək şirkəti yüzlərlə Whatsapp istifadəçisinin izlənməsi üçün nəzərdə tutulmuş alətlərin yaradılmasında və yayılmasında günahlandırmışdı. Məlumata əsasən şirkət 2021-ci ildə Whatsapp-dakı sistem boşluğu barəsində məlumatı 1.7 milyon dollara satırdı. Whatsapp misalında bu cür sistem boşluğu hakerin öz qurbanı ilə qarşılıqlı əlaqəsini tələb etməyən eksploytun yaradılmasına imkan verir.
    Linki kopyala
    © 2015-2023 Technote MMC