xAI qanunsuz enerji istifadəsinə görə ittiham olunur
Təhlükəsizlik
15.04.2026
Sevinj
Technote.az “Engadget” platformasına istinadən bildirir ki, ABŞ-nin vətəndaş hüquqları təşkilatı olan NAACP, Elon Musk tərəfindən qurulan süni intellekt şirkəti xAI-ı məlumat mərkəzində yaratdığı hava çirkliliyinə görə məhkəməyə verib. Təşkilat şirkəti federal ekoloji qanunları pozmaqda ittiham edir.
İddialara görə, xAI ABŞ-nin Tennessi ştatının South Memphis bölgəsində yerləşən Colossus 2 adlı data mərkəzini enerji ilə təmin etmək üçün icazəsiz şəkildə 27 ədəd metan qaz turbini istifadə edir. Bildirilir ki, bu turbinalar havaya insan sağlamlığı üçün təhlükəli olan müxtəlif kimyəvi maddələr və zərərli hissəciklər buraxır. NAACP qeyd edir ki, bu çirkləndiricilər ürək xəstəlikləri, tənəffüs problemləri ilə əlaqələndirilir. Xüsusilə narahatlıq doğuran məqam isə həmin data mərkəzinə yaxın yaşayış evlərinin yerləşməsidir. Təşkilatın iddiasına əsasən, şirkət bu turbinaları hava keyfiyyəti üzrə rəsmi icazə almadan işə salıb və bununla da ABŞ-nin Clean Air Act adlı təmiz hava qanununu pozub. Qanuna görə, bu tip çirkləndirici enerji mənbələri fəaliyyətə başlamazdan əvvəl xüsusi dövlət icazəsi almalıdır.
NAACP məhkəmədən xAI-ın bu fəaliyyətinin qanunsuz elan edilməsini, turbinaların istifadəsinin dayandırılmasını və şirkətə maliyyə cərimələrinin tətbiq edilməsini tələb edir. Maraqlıdır ki, NAACP məhkəməyə müraciət etməzdən əvvəl şirkətə 60 günlük rəsmi xəbərdarlıq göndərsə də, xAI bu müraciətə cavab verməyib.
Paylaş
