Yeni fişinq hücumu X hesablarını hədəfə alıb
Təhlükəsizlik
20.07.2026
Sevinj
X platformasının istifadəçiləri yeni və olduqca inandırıcı fişinq hücumu ilə üz-üzə qalıb. Kibercinayətkarlar X-in rəsmi təhlükəsizlik bildirişlərini demək olar ki, pikselinə qədər təqlid edən e-poçtlar göndərərək istifadəçilərin giriş məlumatlarını ələ keçirməyə çalışırlar. Fırıldaqçılar göndərdikləri məktublarda hesabın "yeni cihazdan daxil olunduğu" barədə xəbərdarlıq edir və istifadəçidən parolu dəyişməyi və ya tətbiqlərə verilən icazələri yoxlamağı tələb edirlər. Məktublarda X-in loqosu, rəngləri, dizaynı və mətnləri orijinal bildirişlərlə demək olar ki, eynidir. Lakin məktubdakı keçidlər istifadəçini saxta saytlara yönləndirir və burada daxil edilən istifadəçi adı, parol və ya təsdiq kodları birbaşa fırıldaqçıların əlinə keçir.
ESET şirkətinin qlobal kibertəhlükəsizlik məsləhətçisi Ceyk Murun sözlərinə görə, hücumların məqsədi ya istifadəçinin X hesabının giriş məlumatlarını oğurlamaq, ya da zərərli tətbiqə icazə verdirərək hesabı parol olmadan ələ keçirməkdir. Əldə olunan hesablar daha sonra kriptovalyuta dələduzluğu, yeni fişinq hücumları və dezinformasiya kampaniyaları üçün istifadə olunur. Məlumatlara görə, ötən il yalnız X platformasında həyata keçirilən kripto fişinq hücumları nəticəsində təxminən 57 min nəfər zərər çəkib və ümumi itki 47 milyon dollar təşkil edib.
Paylaş
