13 iyuldan sonra Office 2019 for Mac ilə sənədləri redaktə etmək mümkün olmayacaq
Microsoft gələn aydan etibarən Office 2019 for Mac istifadəçiləri üçün mühüm dəyişiklik tətbiq edəcək. Şirkət lisenziyaların doğrulanmasını təmin edən sertifikatı yeniləmədiyi üçün proqramlar 13 iyul tarixindən etibarən məhdud funksionallıq rejiminə keçəcək. Bu dəyişiklik nəticəsində istifadəçilər Word, Excel, PowerPoint, Outlook və OneNote fayllarını aça bilsələr də, onları redaktə edə, yadda saxlaya və ya yeni sənəd yarada bilməyəcəklər. Başqa sözlə, proqramlar yalnız oxuma rejimində işləyəcək.
Maraqlıdır ki, Microsoft 2023-cü ildə Office 2019 üçün dəstəyin başa çatacağını açıqlayarkən tətbiqlərin işləməyə davam edəcəyini bildirmişdi. Lakin şirkət ötən ay dəstək səhifəsini yeniləyərək həmin ifadəni çıxarıb və yalnız istifadəçi məlumatlarının itirilməyəcəyini vurğulayıb. Office 2021 for Mac istifadəçiləri isə bu problemdən təsirlənməyəcək. Microsoft həmin versiya üçün yeni sertifikat yeniləməsi təqdim edir və məhsul 13 oktyabr 2026-cı ilə qədər rəsmi dəstək almağa davam edəcək. Office 2019 isə 10 oktyabr 2023-cü ildən etibarən dəstəkdən çıxarıldığı üçün lazımi yeniləməni qəbul edə bilmir və problemi nə yenidən quraşdırmaq, nə də proqramı yeniləmək yolu ilə həll etmək mümkün deyil.
Bu səbəbdən Office 2019 for Mac istifadəçiləri sənədlər üzərində işləməyə davam etmək istəyirlərsə, Office 2024 versiyasına keçməli və ya Microsoft 365 abunəliyi əldə etməlidirlər.
Paylaş