1990-cı illərin kompüter brendi Packard Bell rəngli cihazlarla qayıtdı
“Acer Group”a daxil olan “Packard Bell” “IFA 2026” sərgisində tam yenilənmiş məhsul xətti ilə bazara qayıdıb. Brend əvvəlki bej rəngli kompüterlərdən fərqli olaraq yeni cihazlarda narıncı, bənövşəyi, yaşıl və sarı rənglərə üstünlük verib. Məqsəd gündəlik istifadə üçün sadə və münasib qiymətli cihazlar təklif etməkdir. Məhsullar yalnız Avropa, Yaxın Şərq və Afrika ölkələrində satılacaq. ABŞ bazarına qayıdış isə hələ planlaşdırılmır.
Yeni xəttin əsas modeli 14,5 düymlük “DotBook” noutbukudur. Model 1920 x 1200 piksel təsvir ölçülü IPS ekrana və “Intel Core 3 N355” prosessoruna sahibdir. Noutbukda 16 GB-dək DDR4 operativ yaddaş və 512 GB-dək daxili yaddaş var. Cihazın çəkisi 2,9 funtdan, yəni təxminən 1,32 kq-dan azdır. Batareya 7 saata qədər işləyir. İnternetdən istifadə, videoya baxış və gündəlik işlər üçün nəzərdə tutulan “DotBook” 499 avrodan (təxminən 980 manat) başlayan qiymətlə satılacaq.
“Packard Bell”in yeni məhsulları yalnız kompüterlərlə məhdudlaşmır. İlk kolleksiyaya çamadan formasında hazırlanmış “DotLoop” vinil pleyeri, “DotLine” 4G düyməli telefon və “DotLook” audio eynəyi daxildir. Brend qulaqlıq, dairəvi işıq və masa aksesuarları da təqdim edib. “Steasy” ilə birlikdə hazırlanan və internetə qoşulan mini buxar bişiricisi də yeni məhsullar arasındadır.
“Acer”in məlumatına görə, “Packard Bell” müştəriləri 28 ölkədə çoxdilli dəstəkdən və şirkətin mövcud xidmət mərkəzlərindən yararlana biləcəklər. Ayrı-ayrı bazarlar üçün zəmanət şərtləri hələ açıqlanmayıb. Qiymətlər və satış tarixləri ölkəyə və satış kanalına görə dəyişəcək. “DotBook”un satışa çıxacağı vaxtla bağlı elanda həm sentyabr, həm də 2026-cı ilin 4-cü rübü qeyd olunub.
“Packard Bell” 1990-cı illərin əvvəllərində ABŞ-də ucuz ev kompüterləri ilə geniş tanınırdı. Brend 1994-cü ildə 11,5 faiz bazar payına çataraq ölkənin 3-cü ən böyük kompüter istehsalçısı olmuşdu. “Acer” 2008-ci ildə ana şirkətin 75 faiz payını 45,8 milyon dollara (təxminən 77 milyon 860 min manat) alıb. Bununla belə, yeni məhsulların gələcəkdə ABŞ mağazalarında satılıb-satılmayacağı hələ açıqlanmayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...