2 milyard dollarlıq AI sövdələşməsi!
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Meta-nın AI köməkçisi platforması Manus-u 2 milyard dollara alması Vaşinqton və Pekində tam fərqli reaksiyalar doğurub. ABŞ tərəfi bu razılaşmaya nisbətən sakit yanaşsa da, Çin tənzimləyici qurumları prosesə daha şübhəli yanaşır.
Məsələ ondadır ki, ABŞ-də əvvəlcə narahatlıqlar yaransa da, hazırda tənzimləyicilər Meta-nın Manus-la bağlı razılaşmasının hüquqi baxımdan problem yaratmadığı qənaətindədir. Buna baxmayaraq, Financial Times-ın məlumatına görə, Çin hakimiyyəti sövdələşmənin texnologiya ixracına dair qanunları pozub-pozmadığını araşdırır. Xatırladaq ki, Manus-a bu ilin əvvəlində Benchmark fondunun rəhbərlik etdiyi investisiya raundu ABŞ-də ciddi müzakirələrə səbəb olmuşdu. ABŞ senatoru John Cornyn bu investisiyanı açıq şəkildə tənqid etmiş, ABŞ Xəzinədarlığı isə Çin mənşəli AI şirkətlərinə Amerika sərmayələrinin məhdudlaşdırılması ilə bağlı araşdırmalara başlamışdı.
Bu təzyiqlər nəticəsində Manus əsas komandasını Beijing-dən Singapore-a köçürdü. Çinli akademiklər bu prosesi “Çin-dən mərhələli şəkildə ayrılma” kimi xarakterizə edir. Hətta bu cür köçürmələr texnologiya sektorunda artıq “Singapore washing” adı ilə tanınmağa başlayıb. İndi isə vəziyyət dəyişib. Çin rəsmiləri Manus-un əsas komandasını ölkədən çıxararkən xüsusi ixrac icazəsinə ehtiyac olub-olmadığını araşdırır.
The Wall Street Journal daha əvvəl Çinin bu razılaşmaya təsir imkanlarının az olduğunu yazsa da, son hadisələr bu qiymətləndirmənin tələsik olduğunu göstərir. Çin tərəfi narahatdır ki, bu razılaşma digər yerli AI startaplarını da ölkədən çıxmağa təşviq edə bilər. Nyu-York Universitetinin hüquq professoru Winston Ma bildirir ki, əgər Meta–Manus razılaşması problemsiz tamamlanarsa, bu, Çinli gənc AI startapları üçün yeni “qaçış yolu” yaradacaq.
Paylaş