Logo
    main-post-cover

    2025 Xbox üçün ən ağır il oldu

    Cihazlar+
    23.12.2025
    Sevinc
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, 2025-ci il Xbox üçün demək olar ki, itirilmiş bir il kimi yadda qalıb. 2020-ci ildə pandemiya dövründə satışa çıxarılan Xbox Series X və Series S modelləri gözləntiləri doğrultmadı və rəqibi PlayStation 5 qarşısında ciddi şəkildə geri qaldı.
        Microsoft böyük studiyaları satın almasına baxmayaraq, Xbox üçün davamlı və cəlbedici eksklüziv oyunlar təqdim edə bilmədi. Bu boşluqdan istifadə edən Sony isə PS4 dövründən gələn etibar və eksklüziv oyunlar hesabına üstünlüyünü qorudu. Qiymət artımları, tədarük zənciri problemləri və tarif siyasətləri fonunda Xbox almaq daha da mənasız görünməyə başladı. 2025-ci il ərzində Microsoft bir sıra mühüm layihələri, Perfect Dark və Everwild kimi gözlənilən oyunları ləğv etdi. Daha da diqqətçəkən məqam isə Forza Horizon 5 kimi əsas Xbox oyunlarının PlayStation platformasına gətirilməsi oldu. Bu addım bir çox istifadəçidə “artıq Xbox-a ehtiyac varmı?” sualını yaratdı.
        Qiymət siyasəti vəziyyəti daha da ağırlaşdırdı. Xbox Series S-in qiyməti 400 dollara, Series X-in isə 600 dollara yüksəldi. Satışların zəifliyi səbəbindən Costco kimi iri pərakəndə şəbəkələr Xbox konsollarının satışını dayandırdı. Microsoft isə Black Friday dövründə belə ciddi kampaniya keçirmədi. Bir vaxtlar oyun dünyasının ən sərfəli təkliflərindən biri hesab edilən Game Pass də qiymət artımı ilə tənqid olundu. Ultimate paketin aylıq qiyməti 30 dollara çatdı. Platformaya əlavə dəyər qatmaq üçün addımlar atılsa da, güclü eksklüziv oyunların olmaması Game Pass-in cazibəsini azaltdı.
        Mövcud vəziyyət Microsoft-u strategiyasını yenidən düşünməyə vadar edir. Şirkətin AMD ilə əməkdaşlığı və Windows-u oyun mərkəzinə çevirmə planları, gələcək Xbox-un klassik konsoldan çox TV-yə uyğunlaşdırılmış bir oyun PC-si ola biləcəyini göstərir.
    Paylaş