2026-cı ildə bahalaşan bütün əsas striminq platformaları açıqlanıb
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, bir zamanlar kabel televiziyasına daha ucuz alternativ hesab olunan striminq platformaları artıq əvvəlki qədər sərfəli görünmür. 2026-cı ilin ilk aylarından etibarən bir çox məşhur platforma abunə haqlarını artırıb və istifadəçilər izlədikləri kontent üçün daha çox ödəniş etməyə başlayıblar. Qiymət artımı edən platformaların siyahısı artıq kifayət qədər genişdir.
Ən diqqətçəkən dəyişikliklərdən biri Amazon tərəfindən həyata keçirilib. Mart ayında şirkət Prime Video xidmətinin tarif strukturunu yeniləyib. Əsas Amazon Prime Video abunə qiyməti dəyişməsə də, artıq standart paket yalnız 1080p görüntü keyfiyyətini dəstəkləyir. 4K keyfiyyətdə izləmək istəyən istifadəçilər əlavə aylıq 4.99 dollar ödəyərək yeni “Ultra” paketinə keçməlidirlər. Bu paket həm də reklamsız baxış, daha çox paralel cihaz dəstəyi və əlavə yükləmə imkanları təqdim edir.
Yanvar ayında isə Paramount Plus hər iki abunə planının qiymətini 1 dollar artırıb. Reklamlı Essential paketi aylıq 9 dollar, reklamsız Premium paketi isə aylıq 14 dollar səviyyəsinə yüksəlib. Anime izləyicilərinin əsas platformalarından olan Crunchyroll da fevral ayında qiymətlərini artırıb. Şirkətin ən ucuz “Fan” planı 7.99 dollardan 9.99 dollara, “Mega Fan” paketi 11.99 dollardan 13.99 dollara, “Ultimate Fan” isə 15.99 dollardan 17.99 dollara yüksəlib. Bununla yanaşı, platforma pulsuz reklamlı versiyasını da ləğv edib.
Musiqi striminq bazarında isə Spotify Premium abunə qiymətini 11.99 dollardan 12.99 dollara qaldırıb. Student, Duo və Family paketlərində də 1-2 dollar arası artım qeydə alınıb. Canlı TV yayımı təqdim edən Sling TV də kabel televiziyasına alternativ olmasına baxmayaraq qiymətlərini artırıb. Şirkətin müxtəlif paketlərində istifadəçilər üçün aylıq orta hesabla 4 dollar artım tətbiq olunub.
Son olaraq isə YouTube Premium xidmətinin aylıq qiyməti aprel ayında 13.99 dollardan 15.99 dollara yüksəlib. Maraqlısı odur ki, bu artımla birlikdə istifadəçilərə əlavə yeni üstünlüklər təqdim edilməyib. Beləliklə, 2026-cı ilin ilk yarısında striminq platformalarının böyük hissəsi qiymətlərini artıraraq istifadəçilərin aylıq xərclərini daha da yüksəldib. Bu isə bir vaxtlar “ucuz alternativ” sayılan rəqəmsal əyləncə xidmətlərinin artıq ənənəvi TV paketləri ilə müqayisə ediləcək səviyyəyə çatdığını göstərir.
Paylaş