Logo
    Acer mini noutbuka çevrilən 8 düymlük oyun kompüteri konsepti göstərdi

    Acer mini noutbuka çevrilən 8 düymlük oyun kompüteri konsepti göstərdi

    Cihazlar+
    05.09.2026
        “Acer” IFA sərgisində “Project DualPlay Mini” adlı yeni konsept cihazını nümayiş etdirib. Model 8 düymlük eyni ekrandan istifadə etməklə həm portativ oyun kompüteri, həm də kiçik noutbuk kimi işləyir. Şirkət cihazın oyun və gündəlik iş rejimləri arasında rahat keçid üçün hazırlandığını bildirir. Lakin konsept əsasən oyun üçün nəzərdə tutulub və onun satışa çıxarılıb-çıxarılmayacağı hələ məlum deyil.
        Rejimi dəyişmək üçün ekran yuxarı qaldırılır, üfüqi istiqamətdə çevrilir və yeni mövqedə bərkidilir. Beləliklə, oyun düymələri olan portativ kompüter klaviaturalı mini noutbuka çevrilir. “Acer” hər 2 rejimdə eyni 8 düymlük ekrandan istifadə edib. Cihazı xarici monitora qoşmaq da mümkündür. Çünki belə kiçik ekranda “Windows 11” interfeysindən istifadə etmək rahat deyil.
        İdarəetmə hissəsi “Xbox” qurğularını xatırladır. Burada dairəvi metal istiqamət düyməsi, analoq çubuqlar və yumşaq üst düymələr var. “Forza” oyununun sınağı zamanı idarəetmənin rahat olduğu görünüb. Bununla belə, cihazın qalın və ağır korpusu qısa müddətdə hiss olunur. Bu çəki daxildəki 2 ventilyatorlu soyutma sistemi ilə əlaqələndirilir.
        Noutbuk rejiminin əsas çatışmazlıqlarından biri trekpadın, yəni kursoru barmaqla idarə etmək üçün toxunma səthinin olmamasıdır. Şirkətin təqdimat videosunda cihazın bu rejimdə siçanla idarə edildiyi görünür. “Acer” prosessor, yaddaş və qrafik imkanları barədə ətraflı məlumat açıqlamayıb. Yalnız prototipdə “Forza Horizon 5” oyununun işlədiyi və hazırda bazarda olan GPU-dan, yəni qrafik prosessordan istifadə edildiyi bildirilib.
        Sərgidə göstərilən 2 prototip eyni oyun hesablarından istifadə etdiyi üçün onları eyni anda sınaqdan keçirmək mümkün olmayıb. “Project DualPlay Mini” hələlik yalnız konseptdir. “Acer” cihazın buraxılış tarixini və qiymətini açıqlamayıb. 8 düymlük ekranın adi noutbuk işləri üçün kiçik olması kommersiya versiyasının hazırlanmasına maneə yarada bilər. Bu mexanizmin gələcək məhsullarda istifadə edilib-edilməyəcəyi də məlum deyil.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...