Amazon daha nazik Fire TV Stick 4K yayım qurğusu və yeni pult təqdim etdi
“Amazon” daha nazik və sürətli “Fire TV Stick 4K (2026)” yayım qurğusunu və yeni “Fire TV Remote” pultunu çıxarıb. Şirkətin iddiasına görə, qurğu eyni qiymət qrupundakı digər 4K modellərdən 20%-40% daha sürətlidir. Normal qiyməti 59,99 dollar (təxminən 100 manat) olsa da, Oktyabrın 7-dək “4KINTRO” kodu ilə onu 29,99 dollara (təxminən 51 manat) almaq olar.
“Fire TV Stick 4K (2026)” modelində 1,7 GHz tezlikli 4 nüvəli prosessor və 8 GB daxili yaddaş var. Bağlantı üçün Wi-Fi 6, Bluetooth 5.3 və daha az enerji işlədən Bluetooth LE-dən yararlanır. Videolar 4K keyfiyyətdə saniyədə 60 kadradək göstərilir. H.264, H.265, VP9 və AV1 video formatları açılır.
Qurğu HDR10, HDR10+ və HLG görüntü standartlarını işlədə bilir. Dolby Vision isə yalnız daha bahalı “Fire TV Stick 4K Max” modelində var. Ən azı 85 dollara (təxminən 140 manat) satılan həmin model Dolby Atmos həcmli səs texnologiyasını və Wi-Fi 6E-ni də dəstəkləyir.
Yeni model Android əsaslı “Fire OS” əvəzinə “Vega OS” sistemi ilə işləyir. “Amazon” son 1 ildə sistemə 2000-dən çox tətbiqin əlavə olunduğunu açıqlayıb. Bunların arasında “Netflix”, “Disney+”, “YouTube”, “Prime Video”, “HBO Max”, “Instagram”, “VLC”, “Spotify” və “Xbox” var. VPN bağlantısı qurmaq da olur.
Tətbiqlər yalnız rəsmi “Amazon Appstore” mağazasından yüklənir. Kənar mənbələrdən proqram quraşdırmaq bloklanıb. İyun ayında göstərilən yeni interfeysdə açılış zamanı tam ekran reklamları, menyuda da reklam bannerləri görünür.
Korpus ilin əvvəlində çıxan “Fire TV Stick HD” kimi daha incə hazırlanıb və Micro USB portundan imtina edilib. “Direct Power” funksiyası qurğunu televizorun USB portundan enerji ilə işlədib ayrıca elektrik yuvasına ehtiyacı aradan qaldırır. Bunun üçün qurğu televizorun HDMI girişinə, enerji kabeli də USB portuna qoşulur. “Amazon” məhsul sırasını 4 modelə endirib: “Fire TV Stick HD”, “Fire TV Stick 4K”, “Fire TV Stick 4K Max” və “Fire TV Cube”.
Yeni “Fire TV Remote” qurğunun qutusuna daxildir, ayrıca alındıqda isə 15 dollara (təxminən 26 manat) satılacaq. Pult 2019-cu ildən bəri çıxan bütün “Fire TV” yayım qurğuları və “Amazon Ember TV” televizorları ilə işləyir. Üst hissəsi yastı, alt hissəsi isə ağırlıqlı və dairəvidir. Maili kənarlar pultu əldə daha rahat tutmağa kömək edir.
Metal səthli əsas ekran düyməsini toxunaraq asan tapmaq olur. Pulta yeni naviqasiya halqası və səhnələr arasında keçid düymələri də əlavə edilib. “Star” düyməsinə sevimli tətbiqi, subtitrləri və ya ekran böyüdücüsünü bağlamaq olar. Canlı TV və tətbiqlər üçün ayrıca düymələr var, Bluetooth qulaqlıq da qoşulur.
Səs düyməsi ilə “Alexa+” üzərindən film axtarmaq, tövsiyə almaq və aktyorlar haqqında sual vermək olar. Ancaq noyabrda başlayacaq ilkin yayım siyahısına yeni əsas model daxil edilməyib. Siyahıda 2-ci nəsil “Fire TV Stick 4K Max”, “Fire TV Cube”, “Ember TV” və uyğun “Panasonic” televizorları göstərilir. İstifadəçilər söhbət tarixçəsinə ekranda yenidən baxa biləcəklər.
“Fire TV Stick 4K (2026)” hazırda ABŞ, Kanada, Yaponiya, Meksika, Böyük Britaniya, Almaniya, Fransa, İtaliya, İspaniya, İsveçrə və Avstraliyada satılır. Digər bazarlarda satış gələn ay başlayacaq. Ayrı satılan yeni pultun ABŞ-də göndərilməsinə oktyabrın sonunda başlanacaq. “Amazon” 2027-ci ildə alüminium korpuslu və işıqlı düymələri olan “Fire TV Remote Plus” modelini də çıxarmağı planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...