Amazon dronla çatdırılma xidmətinin əhatəsini 6 dəfə artırır
Amazon dronlarla sifariş çatdırılması xidmətini ABŞ-də əhəmiyyətli dərəcədə genişləndirməyə hazırlaşır. Şirkət ilin sonuna qədər Prime Air xidmətinin ABŞ-də təxminən 500 şəhər və yaşayış məntəqəsini əhatə edəcəyini açıqlayıb. Bununla da xidmətin əhatə dairəsi hazırkı göstərici ilə müqayisədə təxminən 6 dəfə artacaq. Yeni mərhələdə Amazon Prime Air Çikaqo, Sirakuz, Klivlend, Atlanta və Boyse şəhərlərinin daxil olduğu bölgələrdə fəaliyyətə başlayacaq. Şirkət ilin sonunadək siyahıya daha çox yaşayış məntəqəsinin əlavə ediləcəyini bildirir. Hazırda Amazon ABŞ-də 11 ərazidə dronlarla çatdırılma həyata keçirir. Hər Prime Air mərkəzi təxminən 453 kvadratkilometr ərazini əhatə edə bilir.
Prime Air əsasən çəkisi 5 funta, yəni təxminən 2,3 kiloqrama qədər olan bağlamaların sürətli çatdırılması üçün nəzərdə tutulub. Amazon Prime Air-in vitse-prezidenti Devid Karbonun sözlərinə görə, xidmət təkcə bu il müştərilərə yüz minlərlə bağlama çatdırıb. Sifarişlərin əksəriyyəti ödəniş tamamlandıqdan sonra təxminən 60 dəqiqə ərzində ünvana çatdırılır. Amazon genişlənmə planını açıqlayarkən dronların təhlükəsizlik sistemlərini də xüsusi vurğulayıb. Prime Air dronları ətrafdakı maneələri müəyyənləşdirərək onlardan yayınmağa imkan verən “Detect-and-Avoid” sistemi ilə təchiz olunub.
Paylaş