Amazon gizli “Transformer” layihəsi üzərində işləyir
Technote.az “The Verge” platformasına istinadən bildirir ki, Amazon şirkətinin cihazlar və xidmətlər bölməsinin rəhbəri Panos Panay yeni “Fire Phone” tipli smartfon üzərində çalışdıqları ilə bağlı yayılan iddialara tam şəkildə “yox” deməyib. Bu isə şirkətin süni intellekt əsaslı yeni mobil cihaz hazırlaya biləcəyi ehtimallarını daha da gücləndirib.
Məlumata görə, Amazon daxilində “Transformer” kod adı ilə Alexa əsaslı AI telefon layihəsi test edilir. Layihənin əsas diqqət mərkəzində isə şirkətin yeni nəsil süni intellekt köməkçisi olan Alexa Plus dayanır. Bildirilir ki, Amazon həm klassik smartfon, həm də “dumbphone” tipli daha sadə cihaz dizaynlarını araşdırıb.
Financial Times-a danışan Panos Panay birbaşa “Amazon yenidən telefon istehsal edəcək?” sualına olduqca ehtiyatlı cavab verib. O bildirib ki, şirkətin əsas məqsədi hazırkı formada bir smartfon hazırlamaq deyil. Lakin Panay açıq şəkildə “xeyr” deməyin də yanlış anlaşılmaya səbəb ola biləcəyini vurğulayıb. Onun sözlərinə görə, smartfon forması yaxın illərdə tamamilə dəyişə bilər və hazırkı cihaz anlayışı transformasiya dövrünə daxil olur. Bu isə Amazon-un üzərində çalışdığı məhsulun adi smartfondan fərqli bir cihaz ola biləcəyinə işarə edir.
Panos Panay həmçinin qeyd edib ki, şirkət yeni AI geyilə bilən cihaz formaları üzərində də işləyir. Buna görə də Amazon-un gələcək mobil məhsulu klassik telefon yox, süni intellekt imkanları ilə fərqlənən alternativ bir cihaz ola bilər.
Paylaş