Amazon Ring üz tanıma funksiyasını aktivləşdirib
Technote.az “TechCrunch” platformasına istinadən bildirir ki, Amazon ABŞ-də Ring video qapı zəngləri üçün yeni və mübahisəli “Familiar Faces” adlı üz tanıma funksiyasını istifadəyə verib. Bu funksiya qapınıza gələn şəxslərin kim olduğunu müəyyənləşdirərək sizə fərdiləşdirilmiş bildirişlər göndərir.
Yeni xüsusiyyət istifadəçilərə maksimum 50 nəfərin üzünü kataloqa əlavə etməyə imkan verir: ailə üzvləri, dostlar, qonşular, kuryerlər və ya ev işçiləri kimi mütəmadi gələn şəxslər bu siyahıya daxil edilə bilər. Siz həmin şəxslərin adını Ring tətbiqində qeyd etdikdən sonra, cihaz onları qapıya yaxınlaşan zaman tanıyaraq “Qapıda naməlum şəxs” əvəzinə “Anam qapıdadır” kimi bildiriş göndərəcək.
Bu imkan bir sıra təşkilatlar, o cümlədən EFF və bəzi ABŞ senatorları tərəfindən məxfilik səbəbi ilə tənqid olunub. Funksiya standart olaraq deaktiv gəlir. İstifadəçi onu tətbiqin ayarlarından özü aktiv etməlidir. Üzlər Event History bölməsindən və ya yeni Familiar Faces kitabxanasından əlavə edilə bilər. Tanınan üzlər istənilən vaxt redaktə oluna və ya silinə bilər.
Amazon bildirir ki, üz məlumatları şifrələnir və heç bir tərəflə paylaşılmır. Adlandırılmamış üzlər isə avtomatik olaraq 30 gündən sonra sistemdən silinir.
Paylaş