Amazon yeni AI robotunu təqdim etdi
Amazon süni intellektlə təchiz olunmuş tam avtonom anbar robotu Proteus-un yeni versiyasını təqdim edib. Şirkətin məlumatına görə, yenilənmiş robot artıq kod və ya xüsusi proqram təminatı olmadan, işçilərin verdiyi şifahi tapşırıqları başa düşərək yerinə yetirə biləcək.
Əvvəllər anbar əməkdaşları Proteus-u idarə etmək üçün xüsusi proqramlardan istifadə etməli idilər. Yeni versiyada isə işçilər robota həmkarları ilə danışdıqları kimi tapşırıq verə biləcəklər. Amazon Robotics-in vitse-prezidenti Skott Dresser bildirib ki, əməkdaş sadəcə görüləcək işi deyir, robot isə prioritetləri, marşrutu və vaxt planını özü müəyyənləşdirir.
Amazon həmçinin qeyd edib ki, yeni nəsil Proteus əvvəlki modellərlə müqayisədə daha geniş ərazilərdə fəaliyyət göstərə biləcək. Hazırda istifadə olunan robotlar əsasən yükləmə-boşaltma sahələrində işləyir. Yeni sistem isə məhsulların qəbulundan tutmuş iş stansiyaları arasında daşınmasına və müxtəlif logistik əməliyyatlara qədər anbarın demək olar ki, bütün hissələrində istifadə oluna biləcək. Şirkət yeni robot sisteminin hazırda laboratoriyalarda sınaqdan keçirildiyini və onun 2027-ci ilin ilk yarısında Avropada istifadəyə veriləcəyini açıqlayıb.
Proteus Amazon-un daha geniş robotlaşdırma strategiyasının bir hissəsidir. Şirkət yaxın illərdə toxunma hissiyatına malik Vulcan robotunu və ilk dəfə Barselonada sınaqdan keçirilən əməkdaşlıq əsaslı yükdaşıma sistemini də Avropadakı daha çox mərkəzdə tətbiq etməyi planlaşdırır.
Amazon robot texnologiyalarının işçiləri əvəz etmək üçün deyil, onların işini asanlaşdırmaq və əməliyyatların səmərəliliyini artırmaq üçün hazırlandığını vurğulayır. Şirkət bildirir ki, robot texnologiyalarını tətbiq etməyə başladıqdan sonra qlobal miqyasda yüz minlərlə yeni əməkdaş işə götürüb.
Paylaş