
AMD prosessorlu MSI Claw A8 portativ oyun konsolu təqdim edilib
MSI şirkəti Claw A8 adlı yeni portativ oyun konsolunu təqdim edib. Bu, şirkətin AMD prosessorlu ilk portativ oyun konsoludur. MSI Claw A8 konsolu 120 Hz-lik təsvir yenilənməsinə sahib 1920x1200 piksel keyfiyyətli 8 düym ölçülü ekranla təchiz olunub. Ekranın maksimal parlaqlıq səviyyəsi 500 nit təşkil edir. Ekran sRGB rəng diapazonunun 100%-ni əhatə edir. MSI Claw A8 konsolu Zen 5/5c arxitekturası əsasında hazırlanmış 8 nüvəli AMD Ryzen Z2 prosessoru vasitəsilə çalışır və özündə Radeon 890M qrafikasını birləşdirir. Bununla yanaşı konsol LPDDR5X-8000 standartlı 24 GB-lıq RAM-ı və M.2 PCIe 4.0 standartlı SSD-ni əldə edib. Onun batareya həcmi isə 80 vat-saat təşkil edir. Konsol özündə Wi-Fi 6E və Bluetooth 5.3 dəstəklərini birləşdirir və Thunderbolt 4 dəstəkli 2 ədəd USB4 girişini əldə edib. MSI Claw A8-in yaxın zamanda satışa çıxacağı gözlənilir. Lakin onun qiyməti hələ açıqlanmayıb.

Paylaş