App Store-dakı saxta tətbiqə görə Apple-a 1,8 milyon dollarlıq məhkəmə iddiası
ABŞ-də üç istifadəçi Apple şirkətinə qarşı məhkəmə iddiası qaldıraraq, App Store vasitəsilə yayımlanan saxta kriptovalyuta tətbiqi səbəbindən ümumilikdə 1,835 milyon dollar itirdiklərini bildirib. İddiaya görə, App Store-da Sparrow Wallet adı ilə yayımlanan tətbiq əslində məşhur Sparrow Wallet kriptovalyuta cüzdanının saxta nüsxəsi olub. Maraqlısı isə odur ki, orijinal Sparrow Wallet heç vaxt iPhone üçün təqdim edilməyib və yalnız macOS, Windows və Linux əməliyyat sistemlərində mövcuddur.
Zərərçəkənlər tətbiqin etibarlı olduğuna inanaraq Bitcoin-lərini burada saxlayıblar. Lakin tətbiq istifadəçiləri bərpa məlumatlarını daxil etməyə vadar edib və nəticədə kriptovalyutalar dələduzların nəzarətinə keçib. İddiaya əsasən, James Ramirez təxminən 875 min dollar, Christopher Ellis 840 min dollar, Jalen Delgado isə 120 min dollar dəyərində Bitcoin itirib.
Məhkəmə sənədlərində Apple birbaşa vəsaiti oğurlamaqda deyil, App Store-u təhlükəsiz platforma kimi təqdim etməsinə baxmayaraq saxta tətbiqlərin yayımlanmasına imkan verməkdə günahlandırılır. İddiaçılar bildirirlər ki, Apple öz təhlükəsizlik və tətbiq yoxlama mexanizmləri barədə verdiyi vədləri yerinə yetirməyib və onlar bu vədlərə güvəndikləri üçün şirkətin məhsullarından istifadə ediblər.
Paylaş
