Apple 13 oktyabrda HomePad ağıllı ev mərkəzini təqdim etməyə hazırlaşır
“Apple” uzun müddətdir gözlənilən “HomePad” ağıllı ev mərkəzini 13 oktyabrda təqdim etməyə hazırlaşır. Cihaz həmin gün yenilənmiş “HomePod mini” və “Apple TV 4K” ilə birlikdə göstəriləcək. “HomePod mini” yeni rənglərdə çıxacaq. Hər 3 məhsulda şirkətin yenidən hazırladığı süni intellekt köməkçisi “Siri AI” nümayiş olunacaq.
“HomePad”in ekranı 6 düym olacaq. Cihaz masaüstü və divara bərkidilən 2 versiyada satılacaq. Qalınlığı təxminən “iPhone” qədər, ekranın kənarları isə köhnə “iPad” modellərindəki kimi olacaq. Masaüstü versiyanın görünüşü “iMac G4” modelindən götürülüb. Dairəvi metal altlıqda dinamik və mikrofonlar olacaq. Metal qolla ekranın bucağını dəyişmək mümkün olacaq.
Divar üçün hazırlanan versiyada dinamik və mikrofonların olduğu daha nazik altlıq qoyulacaq. Cihazda batareya olmayacaq və USB-C enerji mənbəyi ilə işləyəcək. Korpus “Apple” məhsullarında işlədilən standart boz alüminium rəngdə olacaq. Daxili dinamik sayəsində “HomePad” həm ağıllı ev cihazlarını idarə edən panel, həm də ev üçün səs sistemi kimi işləyəcək.
Yeni əməliyyat sistemi “iOS”, “tvOS” və “watchOS”un bəzi xüsusiyyətlərini birləşdirəcək. Cihaz əsasən “Siri AI” ilə idarə olunacaq. “Messages” tətbiqinin ekranı 2 hissəyə bölünəcək, digər tətbiqlərin görünüşü də “iPad”ə bənzəyəcək. İstifadəçilər ağıllı ev cihazlarını idarə edə, videozəng edə, musiqi dinləyə və fotolardan slayd nümayişi aça biləcəklər.
“HomePad” səs və üz tanıma ilə evdəki istifadəçiləri bir-birindən ayıracaq. Ev daxilində əlaqə saxlamaq üçün zəng funksiyası da olacaq. Cihaz J490 daxili kod adı ilə tanınır və “Apple”ın yeni məhsul kateqoriyasının əsas modeli olacaq. Bu təqdimat şirkətin yeni baş icraçı direktoru John Ternusun rəhbərliyi altında ağıllı ev bazarında planlaşdırdığı genişlənmənin başlanğıcı sayılır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...