Apple üz tanıyan ağıllı ev ekranını geniş sınaqdan keçirir
“Apple”ın ağıllı ev mərkəzi kimi hazırladığı J490 kod adlı cihazın elanı yaxınlaşa bilər. Ağıllı ekran hazırda əməkdaşlarının evlərində geniş sınaqdan keçirilir. Məhsul “Amazon Echo Show” və “Google Nest Hub”a rəqib olacaq. Dəqiq tarix açıqlanmasa da, cihazın 2026-cı ilin sonuna qədər satışa çıxacağı gözlənilir.
Cihazı dayaqla masanın üzərinə qoymaq və ya divara bərkitmək olacaq. Dayaqlı versiyanın yarıya bölünmüş “HomePod Mini” formasına bənzəyəcəyi gözlənilir. Qurğuda təkmilləşdirilmiş kiçik ekran, kamera, mikrofonlar və Wi-Fi bağlantısı olacaq. İdarəetmə görünüşü “iOS”, “tvOS” və “watchOS” sistemlərindən elementləri birləşdirəcək. İlk quraşdırma və bəzi əməliyyatlar üçün cihaz “iPhone” ilə qoşalaşacaq.
Kamera ekrana baxan şəxsi üzündən tanıyacaq və göstərilən məzmunu ona uyğun dəyişəcək. Fərdiləşdirmə tətbiqləri, qeydləri, təqvim görüşlərini, xəbərləri, musiqini və podkastları əhatə edəcək. Əsas ekranda vidcetlər və “iPhone Duo”dakı gözləmə rejiminə bənzər saat görünüşləri olacaq. Üzün tanınması cihazın mübahisə doğura biləcək xüsusiyyətlərindən biri sayılır.
“iOS 27”də çıxan “Siri AI” cihazın əsas idarəetmə sistemi olacaq. O, müxtəlif hesablardakı məlumatları axtara biləcək. İstifadəçi ona göndərilən mahnını və ya podkastı səsləndirə, müəyyən şəkli tapa biləcək. Səsli əmrlə “Calendar” və “Notes” tətbiqlərində də tapşırıqları yerinə yetirmək olacaq. Cihazın 2024-cü ildə çıxması planlaşdırılmışdı, lakin “Apple Intelligence” ilə bağlı problemlər buraxılışı gecikdirib.
“Apple”ın “iPhone Duo” üçün ayrıca stilus hazırladığı, lakin sonradan layihəni dayandırdığı da qeyd olunur. Aksesuar daha qısa olmalı və maqnitlə telefonun menteşəsinə bağlanmalı idi. Kütləvi istehsaldan əvvəl aşkarlanan texniki problemlər layihənin ləğvinə səbəb olub. Şirkət bunun əvəzinə “iPad” üçün hazırkı “Apple Pencil” dəstəyini seçib və onu 2026-cı ilin sonuna qədər əlavə etməyi planlaşdırır.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...