Logo
    main-post-cover

    Apple App Store-dan kənar ödənişlərdən 15 %-ə qədər komissiya istəyir

    Cihazlar+
    14.08.2026
    Sevinj
        Apple ilə Epic Games arasında illərdir davam edən App Store mübahisəsi bu dəfə tətbiqdən kənarda edilən ödənişlərdən Apple-ın nə qədər komissiya ala biləcəyi məsələsinə fokuslanıb. Apple məhkəməyə təqdim etdiyi yeni sənəddə istifadəçilərin tətbiq daxilindəki xarici keçid vasitəsilə başqa sayta yönləndirilib orada etdiyi rəqəmsal alışlardan komissiya almaq istədiyini bildirib. Epic Games isə Apple-ın təklif etdiyi komissiya dərəcələrinin məhkəmənin müəyyən etdiyi çərçivədən xeyli kənara çıxdığını düşünür.
    Apple okays Epic Games marketplace app in Europe | Reuters
        Hazırda Apple ABŞ-də tətbiqlərin istifadəçiləri alternativ ödəniş üsullarına yönləndirməsi nəticəsində həyata keçirilən alışlardan komissiya ala bilmir. Bunun səbəbi Kaliforniya federal məhkəməsinin hakimi Yvonne Gonzalez Rogers-in 2025-ci ilin aprelində verdiyi qərardır. Hakim Apple-ın 2021-ci ildə Epic Games işi üzrə verilmiş məhkəmə qərarına qəsdən əməl etmədiyi qənaətinə gəlmişdi. Lakin sonradan ABŞ-nin Doqquzuncu Dairə Apellyasiya Məhkəməsi Apple-ın xarici ödənişlər üçün müəyyən "zəruri xərcləri" qarşılamaq məqsədilə komissiya tələb edə biləcəyini bildirib. Apple da məhz bu qərara əsaslanaraq yeni komissiya modelini təklif edib.
        Apple-ın təklif etdiyi komissiyalar belədir:
    • Standart tətbiqlərdə xarici keçid vasitəsilə edilən alışlardan 15 %;
    • Video Partner Program, News Partner Program, Mini Apps Partner Program iştirakçıları və abunəlik yeniləmələrində 10 %;
    • Small Business Program-a daxil olan tətbiqlərdə isə 5 %.
        Maraqlı məqam odur ki, Apple özü də Apellyasiya Məhkəməsinin müəyyən etdiyi formada xarici ödənişlər üçün "zəruri xərclərin" faktiki olaraq sıfıra yaxın olduğunu etiraf edir. Buna baxmayaraq, şirkət App Store ekosistemi, proqramlaşdırma alətləri, texnologiyalar və digər xidmətləri developer-lərə təqdim etdiyi üçün müəyyən ödəniş almağa haqqı olduğunu müdafiə edir.
    Paylaş