
Apple Avropada yeni MacBook Pro-nun komplektinə şarj adapterini daxil etməyib
Apple onlayn mağazasındakı məlumata görə, yeni 14 düym ölçülü ekrana sahib M5 prosessorlu MacBook Pro noutbuku Avropa ölkələrində - o cümlədən Böyük Britaniya, İrlandiya, Almaniya, İtaliya, Fransa, İspaniya, Niderland, Norveç və digər ölkələrdə - şarj adapteri ilə birlikdə təqdim edilmir. ABŞ-da və Avropadan kənar bütün digər ölkələrdə isə yeni MacBook Pro 70 vatt gücündə USB Type-C şarj adapteri ilə birlikdə satılır. Son bir neçə il ərzində Apple bir çox məhsullarını şarj adapteri olmadan təqdim etməyə başlayıb və bunu qənaət məqsədi ilə deyil, ətraf mühitin qorunmasına yönəlmiş strategiya kimi izah edib. Bundan əlavə, Avropa Birliyinin yeni qaydaları elektron tullantıların utilizasiyası prosesini daha da sərtləşdirib. Avropada 14 düym ekranlı MacBook Pro komplektinə yalnız USB Type-C - MagSafe 3 naqili daxildir. Məsələn, Almaniyada 70 vatt gücündə USB Type-C şarj adapterinin qiyməti 65 avro təşkil edir.

Paylaş