Apple ilk ağıllı eynəyini 2027-ci ilin iyununda göstərməyi planlaşdırır
“Apple” ilk ağıllı eynəyini 2027-ci ilin iyununda keçiriləcək “WWDC” tədbirində göstərməyi planlaşdırır. Məhsulun 2027-ci ilin sonunadək satışa çıxacağı gözlənilir. Eynəyin əsas funksiyaları süni intellektlə yenilənmiş “Siri” və “Apple” tətbiqləri üzərində qurulacaq. Cihaz “Meta Ray-Ban” modellərinə bənzəsə də, daha çox “iPhone” aksesuarı kimi işləyəcək.
“Apple” “iOS 27.3” yeniləməsində “Siri”nin tətbiqləri dəqiq səsli əmrlərlə idarə etməsi üçün hazırlıq görür. Kənar tətbiqlərlə işləmək funksiyası eynək satışa çıxanadək əlavə olunmalıdır. Tərtibatçılar eynək üçün ayrıca tətbiq yaratmayacaqlar. Bunun əvəzinə, hazır “iPhone” tətbiqlərinin “Siri” ilə işləməsini aktivləşdirəcəklər. Beləliklə, istifadəçi “OpenTable”da masa ayıra, “Uber” və ya “Lyft”dən avtomobil sifariş edə biləcək. Həmçinin “Starbucks”dan qəhvə almaq və “Amazon”da alış-veriş etmək olacaq.
Əsas funksiyalardan biri “Visual Intelligence” olacaq. Bu sistem kameralarla ətrafı tanıyacaq. İstifadəçi gördüyü binanın nə olduğunu soruşa və soyuducudakı ərzaqlardan hansı yeməyi hazırlaya biləcəyini öyrənə biləcək. Sistem əşyaları tanıyacaq və tərcüməyə kömək edəcək. Eynək bildirişləri göstərəcək, mesajlara cavab yazacaq və söhbətləri real vaxtda tərcümə edəcək. Təqvim, xatırlatmalar, musiqi və ağıllı ev cihazları da “Siri” ilə idarə olunacaq.
İlk modeldə kənar tətbiqlər birbaşa eynəkdə işləməyəcək. Sorğular qoşulmuş “iPhone”dakı tətbiqlərə göndəriləcək və 2 cihaz birlikdə işləyəcək. Eynək yalnız yeni “iPhone” modellərinə uyğun olacaq, “Android” dəstəyi verilməyəcək. “Wi-Fi” bağlantısı ilə telefon uzaqda qaldıqda da səs dinləmək olacaq. Buna baxmayaraq, cihaz tam müstəqil işləməyəcək.
Layihə N50 kod adı altında hazırlanır. Eynək “Vision Pro” üçün yaradılmış “visionOS 28” sisteminin daha sadə versiyasında işləyir. Sınaq modelləri “Meta”nın 2-ci nəsil “Ray-Ban” eynəklərindən bir qədər nazikdir. Bəzi prototiplərdə kameralar oval formalı dəliklərə yerləşdirilib və çərçivədən kənara çıxmır. Ön hissədə istifadə və şarj vəziyyətini göstərən işıq var. Şirkət məxfiliyi qorumaq üçün başqa göstəriciləri də sınaqdan keçirir.
Eynəyin səs keyfiyyətinə xüsusi diqqət ayrılır. “Apple” mühəndisləri indiki nəticəni bu sahədə aparıcı səviyyə kimi qiymətləndirirlər. Şirkət istifadəçinin adından daha mürəkkəb tapşırıqları yerinə yetirəcək ayrıca süni intellekt köməkçisi də hazırlayır. Lakin həmin sistem birbaşa eynək layihəsi ilə bağlı deyil. İlk modeldə əsas idarəetmə yenə “Siri” ilə aparılacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...