Logo
    main-post-cover

    Apple Intelligence gecikməsi yeni Apple məhsullarının təqdimatını yubadır

    Cihazlar+
    08.06.2026
    Sevinj
        Apple-ın süni intellekt platforması olan Apple Intelligence üçün planlaşdırılan yeniliklərin gecikməsi şirkətin bir neçə yeni məhsul kateqoriyasının bazara çıxış tarixlərinə də təsir göstərib. Bloomberg-in “Power On” bülletenində yer alan məlumata görə, məhz AI imkanlarının vaxtında hazır olmaması səbəbindən Apple-ın ağıllı ev mərkəzi (Home Hub), ağıllı eynəklər və robotlaşdırılmış ev cihazları kimi məhsullarının təqdimatı təxirə salınıb. Məlumata əsasən, Apple Intelligence funksiyaları 2025-ci il ərzində tam şəkildə istifadəyə verilə bilsəydi, şirkətin Home Hub adlı yeni ağıllı ev cihazı daha erkən satışa çıxacaqdı. Hazırkı proqnozlara görə isə bu məhsulun təqdimatı 2026-cı ilin sonlarına qədər uzana bilər.
    Blue rectangular eyeglasses resting on a wooden surface, sharply focused, with blurred white headphones and other desk objects in the background
        Eyni zamanda Meta Ray-Ban eynəklərinə rəqib kimi hazırlanan Apple ağıllı eynəklərinin də ilkin planlardan daha gec təqdim olunacağı bildirilir. Son məlumatlar məhsulun 2027-ci ilin sonlarında bazara çıxacağını göstərir. Bundan əlavə, Home Hub platforması əsasında hazırlanan robot qollu masaüstü cihazın da 2028-ci ildə təqdim olunacağı gözlənilir. Bununla belə, bəzi analitiklər bu məhsulların həqiqətən gecikdiyini düşünmürlər. Çünki Apple tərəfindən rəsmi təqdimat tarixləri heç vaxt açıqlanmayıb və mediada səsləndirilən tarixlər əsasən müxtəlif mənbələrin proqnozlarına əsaslanır. Xüsusilə Apple ağıllı eynəkləri ilə bağlı son tarixlər əvvəllər də 2027-ci ilin sonu kimi göstərilmişdi.
        Məlumatlara görə, hazırda ən çox təsirlənən məhsul məhz Home Hub layihəsidir. Apple bu cihazı Siri və Apple Intelligence funksiyaları üzərində qurduğu üçün şirkət süni intellekt imkanlarını tam təkmilləşdirmədən məhsulu bazara çıxarmaq istəmir. Məqsəd istifadəçilərin yeni məhsulu Siri-nin mövcud məhdudiyyətlərinə görə mənfi qiymətləndirməsinin qarşısını almaqdır.
    Paylaş