Apple iPhone-ları bu qiymətlərə sata bilər: Pro 1199, qatlanan 1999 dollar
“Apple” son aylarda müxtəlif məhsullarını bahalaşdırsa da, “iPhone” modellərinin qiyməti indiyədək dəyişməyib. Şirkət 9 sentyabr Azərbaycan vaxtı ilə saat 21:00-da “iPhone 18 Pro”, “iPhone 18 Pro Max” və yeni qatlanan “iPhone Duo” modelini təqdim etməyə hazırlaşır. Yeni məlumatlara görə, hər 2 “Pro” modeli əvvəlki nəsildən 100 dollar (170 manat) baha olacaq. Hər 2 model üçün başlanğıc qiymətin 1199 dollar (təxminən 2040 manat) olacağı gözlənilir. Beləliklə, “Apple” əvvəlki 999 dollar (təxminən 1700 manat) başlanğıc qiymətini geridə qoyacaq.
Bahalaşmanın əsas səbəbi yaddaş hissələrinin qiymətinin artmasıdır. Bu xərc iyundan etibarən “Mac” və “iPad” daxil olmaqla şirkətin digər məhsullarına da təsir göstərib. İl ərzində yayılan proqnozlarda yüksək səviyyəli modellərin daha çox bahalaşacağı deyilirdi. Ancaq gözlənilən 100 dollarlıq artım bəzi analitiklərin proqnozlaşdırdığı 300 dollardan (510 manat) xeyli aşağıdır.
“Apple” yeni qatlanan smartfonu da əvvəl gözləniləndən daha münasib qiymətə satışa çıxara bilər. Məlumata görə, “iPhone Duo”nun başlanğıc qiyməti 1999 dollar (təxminən 3400 manat) olacaq. Daha çox yaddaşı olan versiyaların qiyməti isə 3000 dollara (5100 manat) yaxınlaşacaq. Daha əvvəl bu cihaz üçün 2199 dollar (təxminən 3740 manat), 2299 dollar (təxminən 3910 manat) və hətta 2499 dollar (təxminən 4250 manat) qiymətləri səsləndirilirdi.
Şirkət 1999 dollarlıq qiyməti qorumaq üçün hər satışdan əldə etdiyi qazancı azaltmağa hazırdır. Bu addım “iPhone Duo”nu qiyməti 1800 dollardan (3060 manat) başlayan “Android” əsaslı qatlanan smartfonlara daha yaxın rəqibə çevirəcək. “Apple”ın gözləntisinə görə, seçilən qiymət satışlara müsbət təsir edəcək və yeni qatlanan model bazarda böyük maraq görəcək.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...
Ən çox oxunanlar