Apple tvOS 26.2-ni yayımladı
Technote.az “Apple Insider” platformasına istinadən bildirir ki, Apple TV və HomePod cihazları üçün tvOS 26.2 yeniləməsi istifadəyə verilib. Adətən Apple TV üçün yayımlanan ara yeniləmələr əsasən texniki səhvlərin aradan qaldırılmasına fokuslansa da, bu dəfə tvOS 26.2 bir neçə diqqətçəkən yeni funksiya ilə gəlir.
Ən önəmli yeniliklərdən biri Apple TV-də Apple ID olmadan istifadəçi profili yaratmaq imkanıdır. Bu funksiya Apple ekosistemində olmayan ailə üzvləri və ya qonaqlar üçün cihazdan daha rahat istifadəni təmin edir. Digər mühüm yenilik isə uşaqlar üçün xüsusi “Kids Mode” rejiminin Apple TV tətbiqinə əlavə olunmasıdır. Valideynlər uşaq profilləri üçün bu rejimi aktiv edərək daha təhlükəsiz və uyğun məzmun mühiti yarada bilirlər. Bu addım Apple-ın son dövrlərdə uşaq təhlükəsizliyinə verdiyi önəmin davamı kimi qiymətləndirilir.
tvOS 26.2 həmçinin Apple TV 4K modelləri üçün Liquid Glass dizayn dəstəyini daha da genişləndirir. Bununla yanaşı, yeniləməyə bir sıra arxa plan optimallaşdırmaları və ümumi istifadəçi təcrübəsini yaxşılaşdıran texniki düzəlişlər də daxildir. Qeyd edək ki, tvOS 26.2 əvvəlki əsas versiya olan tvOS 26-nın üzərində qurulub. tvOS 26 yeniləməsi Liquid Glass dizaynı, Musiqi tətbiqində yeniliklər və səs texnologiyaları sahəsində ciddi təkmilləşdirmələrlə yadda qalmışdı.
Apple hazırda tvOS sistemindən həm Apple TV, həm də HomePod cihazlarında istifadə edir. Lakin son məlumatlara əsasən, şirkətin gələcəkdə HomePod üçün ayrıca “homeOS” adlı əməliyyat sistemi təqdim edəcəyi gözlənilir. Bu addım Apple-ın ağıllı ev üçün mərkəzi idarəetmə qurğusu üzərində çalışdığı ehtimallarını da gücləndirir.
Paylaş