Belkin 4 əşya izləyicisi buraxır, birinin ilgəyi USB-C kabelidir
“Belkin” əşya izləyiciləri bazarına “SureFind” seriyasından dörd yeni modellə daxil olur. Cihazlar “Apple Find My” və ya “Google Find Hub” izləmə şəbəkəsi ilə işləyir. Buna görə həm “iOS”, həm də “Android” istifadəçiləri uyğun variant seçə biləcəklər. “Apple AirTag” və “Google Pixel Tag” üçün bərkitmə aksesuarı ayrıca alınır, yeni modellərdə isə qayış və ya metal açarlıq halqası korpusa yerləşdirilib.
“SureFind Spot” seriyanın ən sadə və ucuz modelidir. Onun qiyməti 14,99 dollar (təxminən 25 manat) təşkil edir və cihaz metal açarlıq halqası ilə gəlir. 24,99 dollara (təxminən 42 manat) satılacaq “SureFind Loop Cable Tag” isə möhkəm daşıma ilgəyinə sahibdir. Bu ilgək eyni zamanda hər iki ucunda USB-C konnektoru olan qısa şarj kabeli kimi istifadə edilir. Hər iki modelin bu ay satışa çıxması gözlənilir.
Pul kisəsi üçün hazırlanan “SureFind Card” kredit kartı ölçüsündədir və 26,99 dollara (təxminən 46 manat) satılacaq. Model IP68 qoruma dərəcəsinə sahibdir. “Belkin” cihazın uzun müddət suyun altında qalmağa davam gətirdiyini qeyd edir. Lakin Bluetooth suyun altında işləmədiyi üçün itən kartı axtararkən yalnız son qeydə alınmış məkandan istifadə etmək mümkün olacaq. Model bu ay satışa çıxacaq.
Seriyanın ən bahalı modeli 39,99 dollar (təxminən 68 manat) qiyməti olan “SureFind Wallet Stand”dır. Aksesuar mobil cihazlara magnitlə bərkidilir və açılan dayaq kimi istifadə olunur. O, həmçinin RFID siqnallarını bloklayaraq ödəniş kartlarını simsiz məlumat oğurluğundan qoruyur. Digər üç model bu ay satışa çıxsa da, “SureFind Wallet Stand” yalnız oktyabrda əlçatan olacaq.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...