Logo
    Bəzi Google səsucaldanları gündə 200 GB-dan çox məlumat endirir

    Bəzi Google səsucaldanları gündə 200 GB-dan çox məlumat endirir

    Cihazlar+
    20.10.2026
        “Google Home Speaker” səsucaldanlarının bəzi sahibləri cihazların arxa planda dayanmadan yüzlərlə GB məlumat endirdiyini görüb. Problem əsasən yeni “Google Home Speaker” modelində üzə çıxıb. Cihaz səsli əmrlər və ya media yayımı üçün işlədilməyəndə belə internet trafikini sərf edir. Nasazlığın nə qədər geniş yayıldığı hələ bilinmir.
    Bəzi Google səsucaldanları gündə 200 GB-dan çox məlumat endirir
        Problemlə üzləşən cihazlardan biri 24 saatda 17 GB məlumat endirib. Azərbaycan vaxtı ilə saat 14:00-da isə cihaz bir dəfəyə 9,99 GB məlumat yükləyib. Həmin səsucaldan 13 oktyabrda 41 GB trafik sərf edib. Cihazın ümumi göstəricisi 30 gündə 132 GB məlumat olub. Eyni evdəki digər “Google Home” və “Nest” cihazlarında, o cümlədən bir neçə “Nest Hub” modelində bu problem görünməyib.
        Daha ciddi hallarda səsucaldanın internet sərfiyyatı gündə 200 GB həddini keçib. Evində 14 müxtəlif “Google” səsucaldanı olan bir istifadəçi problemi ən yeni modellərdən birində görüb. Həmin cihaz 24 saatda 25 GB trafik sərf edib. Başqa bir evdə az işlədilən eyni model son ayda cəmi 2 GB məlumat endirib. Yoxlanılan digər səsucaldanlardan birində isə nasazlıq ümumiyyətlə aşkarlanmayıb.
        İlkin ehtimala görə, problem cihazın daxili proqram yeniləməsini düzgün endirib quraşdıra bilməməsi ilə bağlıdır. Yeniləmə hər dəfə uğursuz olduqda cihaz eyni faylları yenidən endirə bilər. “Google” problemdən xəbərdar olduğunu və həlli artıq istifadəçilərə göndərdiyini açıqlayıb. Ancaq şirkət hansı cihazların təsirləndiyini və nasazlığın dəqiq səbəbini hələ deməyib.
        Bu problem məhdud internet paketi olan istifadəçilərin aylıq trafik limitini qısa müddətdə bitirə bilər. Cihazın nə qədər internet sərf etdiyini əksər internet paylayıcılarının idarəetmə bölməsindən yoxlamaq olar. “Nest Wifi” istifadəçiləri “Google Home” tətbiqində əvvəlcə “Wifi”, sonra “Devices” bölməsinə keçib səsucaldanı seçə bilərlər. Burada cihazın internet trafikini göstərən qrafiklər var. Tətbiq son 1 və 7 günün göstəricilərini göstərir. Son 30 günün sərfiyyatına da ayrıca baxmaq olar.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...