Logo
    main-post-cover

    Bəzi istifadəçilər Apple Vision Pro-nu aldıqlarına görə peşmandırlar

    Cihazlar+
    19.05.2025
    Emil
         2024-cü ilin fevralında satışa çıxarılmış və təxminən 3500$ dəyərində olan Vision Pro artırılmış reallıq cihazı Apple həvəskarlarının gözləntilərini doğrultmayıb. The Wall Street Journal yazıb ki, istifadəçilər cihazın ağır olmasından, istifadənin məhdud ssenarilərindən və zəif proqram təminatı ekosistemindən narazılıq edirlər. Vision Pro-nun ilk alıcıları WSJ-yə bildiriblər ki, bu cihazdan çox nadir hallarda istifadə edirlər. Çünki bir sıra çatışmazlıqlar və problemlər mövcuddur. “Mən onu sadəcə saxlayıram, üstü toz bağlayıb. Düşünürəm ki, son 1 ildə cəmi 4 dəfə istifadə etmişəm” - deyə ABŞ-ın Virciniya ştatının Sentrvil şəhərindən olan 46 yaşlı daşınmaz əmlak agenti Dustin Fox, Vision Pro təcrübəsi ilə bağlı qəzetə bildirib.
         O, hesab edir ki, 600-650 qram ağırlığındakı cihaz həddindən artıq ağırdır. “Onu 20-30 dəqiqədən artıq taxanda boynum ağrıyır” - deyə Fox vurğulayıb. O əlavə edib ki, Vision Pro-nu satmağı düşünüb, lakin cihazın təkrar satış qiyməti ilkin qiymətdən xeyli aşağı düşüb. 24 yaşlı Nyu-York sakini Tovia Goldstein-in sözlərinə görə, cihazdan 1 saat istifadə etdikdən sonra onu atmaq istəyirsən - bu qədər narahatlıq yaradır. O həmçinin qeyd edib ki, cihaz üçün tətbiqlərin sayı kifayət qədər deyil və cihazın işə düşməsi uzun vaxt aparır, çünki xarici batareyaya qoşulmaq tələb olunur. Vision Pro-nun istifadəyə hazır olması üçün bir neçə dəqiqə gözləmək lazım gəlir. “Mən onu heç kimə tövsiyə etməzdim. Yalnız çox varlısınızsa və pulunuzu hara xərcləyəcəyinizi bilmirsinizsə, onda ala bilərsiniz” - deyə Goldstein bildirib.
         San-Dieqodan olan texnologiya analitiki Anshel Sag, Vision Pro-dan uçuş zamanı əyləncə məqsədilə istifadə edib, lakin sonda sosial narahatlıq və praktik problemlər səbəbilə bu fikrindən imtina edib. O bildirib ki, ətrafdakılar cihaza görə ona narazı baxışlarla yanaşıblar. Bundan əlavə, 199$ dəyərində olan Vision Pro üçün nəzərdə tutulan səyahət çantası olduqca iri ölçülüdür və istifadəçinin sözlərinə görə, əl yükünün təxminən yarısını tuturdu. Vision Pro istifadə edən digər bir şəxs isə cihazdan istifadə təcrübəsindən məyus olduğunu və nəticədə onu internetdə 1900$-a satdığını, üstəlik onun üçün heç darıxmadığını bildirib.
         The Information resursunun məlumatına görə, Apple-ın Vision Pro-nun əhəmiyyətli dərəcədə təkmilləşdirilmiş versiyası üzərində işi görünən odur ki, dayandırılıb. Lakin şirkətin fiziki dizaynında məhdud dəyişikliklərlə - məsələn, yenilənmiş çiplə - “tədricən yenilənmiş bir versiya” təqdim edəcəyi gözlənilir. Bu fikri məşhur analitik Ming-Chi Kuo və məşhur insayder Mark Gurman da bölüşür. Onlar bildiriblər ki, bir qədər təkmilləşdirilmiş ikinci nəsil Vision Pro aktiv hazırlanma mərhələsindədir və yeni M5 prosessoru ilə yanaşı bir neçə digər yenilik də olacaq. Gözlənilir ki, yenilənmiş modeldə birinci nəsil Vision Pro üçün nəzərdə tutulmuş komponentlərin əksəriyyəti istifadə olunacaq, çünki şirkət anbarlarda qalan ehtiyat hissələrindən istifadə etməyə çalışır. Gurman-ın sözlərinə görə, yenilənmiş Vision Pro modeli 2025-ci ilin payızı ilə 2026-cı ilin yazı arasında təqdim oluna bilər.
    Paylaş