Logo
    Braziliyada 799 min manatlıq RTX 5090 videokart yükü itib

    Braziliyada 799 min manatlıq RTX 5090 videokart yükü itib

    Cihazlar+
    18.10.2026
        Braziliyada elektronika və İT məhsulları satan “Oderço” şirkətinin təxminən 470 min dollar dəyərində (təxminən 799 min manat) videokart yükü itib. Yük “Zotac RTX 5090” videokartları olan 2 paletdən ibarət olub. Şirkətin sözlərinə görə, yük San Paulodakı Quarulhos Beynəlxalq Hava Limanına çatıb, lakin daha sonra tapılmayıb. Hadisənin nə vaxt baş verdiyi hələ açıqlanmayıb.
        “Oderço” yükün çatma tarixi və izləmə nömrələri kimi detalları paylaşmayıb. Şirkət sorğularına heç bir rəsmi cavab verilmədiyini deyir. Buna görə distribütor “Instagram” hesabında ictimai müraciət yayıb və yükün taleyi ilə bağlı açıqlama istəyib. “Oderço” 38 illik işi dövründə ilk dəfə belə hadisə ilə qarşılaşdığını vurğulayıb.
        İtkin videokartların dəqiq sayı bilinmir, çünki şirkət yalnız 2 palet barədə məlumat verib. “Zotac Gaming GeForce RTX 5090” hazırda “Amazon” platformasında təxminən 8000 dollara (təxminən 13 600 manat) satılır. Braziliyadakı bir onlayn mağazada qiymət 33 999,99 real göstərilib. Bu qiymətə əsasən, yükdə ən azı 63 videokart ola bilər. Ancaq 2,5 milyon real pərakəndə satış qiyməti deyil, şirkətin alış xərcidir. Buna görə kartların faktiki sayının 63-dən xeyli çox olduğu güman edilir.
        “RTX 5090” hazırda dünya bazarında çətin tapılan videokartlardan biridir. Model sentyabrın ortalarından onlayn mağazaların anbarlarında tükənməyə başlayıb. “Nvidia”nın istehsalı dayandırıb diqqətini daha bahalı peşəkar süni intellekt kartlarına yönəltdiyi iddia olunur. Şirkət isə bu xəbərləri təkzib edir. Bununla yanaşı, “Micro Center” onlayn mağazası məhsulu artıq satılmayan model kimi göstərir.

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...