Çinin humanoid robotu 106 km yol gedərək Guinness Rekordu qırıb
Technote.az "Gizmodo" platformasına istinadən bildirir ki, Çinli robot istehsalçısı AgiBot humanoid robotu A2 ilə yeni bir dünya rekorduna imza atıb. Guinness World Records-un məlumatına görə, robot 10–13 noyabr tarixləri arasında fasiləsiz şəkildə 106.286 kilometr (66.04 mil) məsafə qət edib. Səyahət Ciansu əyalətindəki Jinji gölündən başlayaraq Şanxayın Bund sahilinə qədər davam edib. Robot bu müddət ərzində heç vaxt söndürülməyib və batareyalar yalnız iş prosesində dəyişdirilib. YouTube-da paylaşılan videoda yürüşün sürətləndirilib montaj olunmuş görüntüləri göstərilsə də, robotun insan nəzarəti ilə müşayiət olunub-olunmadığı tam aydın deyil.
Global Times-ın məlumatına görə, A2 müxtəlif səthlərdə, gecə zəif görünürlük şəraitində və enişli-yoxuşlu yollarda problemsiz hərəkət edib və işıqfor qaydalarına riayət edib. Şirkət bildirir ki, robot iki GPS modulu, lidar və infraqırmızı dərinlik kameraları ilə təchiz olunub ki, bu da dəyişkən işıq şəraitində və mürəkkəb şəhər mühitində dəqiq naviqasiya etməyə imkan verib.
Bu açıqlamalar robot səyahətinin tam avtonom həyata keçirildiyini göstərsə də, müstəqil təsdiq hələ yoxdur. Guinness Rekordlar Kitabı da robotun “avtonom şəkildə yürüdüyünü” qeyd etsə də, AgiBot-un iddiası tam şəkildə təsdiqlənməyib. AgiBot şirkətinin vitse-prezidenti Van Çuanq bildirib ki, “Suzhoudan Şanxaya bir nəfəsə piyada getmək insanların çoxu üçün çətindir, amma robot bunu bacardı”.
Robotların sərgilədiyi avtonomluq dərəcəsi yenə də suallar doğurur. Xüsusilə də Elon Musk-ın Optimus robotu ilə bağlı videolarda avtonomluğun şişirdilməsi və sonradan bunun teleidarəetmə olduğu ortaya çıxması kimi hadisələr ictimai şübhəni artırır.
Paylaş