Logo
    Cosori 510 manatlıq, baristanı təqlid edən qəhvə aparatı hazırlayıb

    Cosori 510 manatlıq, baristanı təqlid edən qəhvə aparatı hazırlayıb

    Cihazlar+
    10.09.2026
        “Cosori” baristanın əl ilə qəhvə dəmləyərkən etdiyi hərəkətləri mexaniki şəkildə təkrarlayan yeni “Juni” damcılı qəhvə aparatını hazırlayıb. Cihaz suyun qəhvənin üzərinə tökülməsini avtomatlaşdırır. Bunun üçün fırlanan səbətdən və uzanan su başlığından yararlanır. Sistem suyun istiqamətini və sürətini tənzimləyərək hər səhər eyni dadı əldə etməyi asanlaşdırır.
    Cosori 510 manatlıq, baristanı təqlid edən qəhvə aparatı hazırlayıb
        Adi damcılı qəhvə aparatları suyu üyüdülmüş qəhvənin üzərinə yuxarıdan səpir. “Juni” isə baristanın nazik ağızlı çaydanla etdiyi dairəvi hərəkəti təqlid edir. “Cosori”nin məlumatına görə, 360 dərəcəlik spiral su axını qəhvəni bərabər isladır və suyun yalnız müəyyən hissələrdən keçməsinin qarşısını alır. Şirkət bu mexanizmi hazırlamaq üçün 18 ay ərzində baristaların hərəkətlərini öyrənib.
        “Juni” süni intellekt vasitəsilə uyğun dəmləmə ayarlarını da seçə bilir. İstifadəçi qəhvə dənələrinin paketini skan etdikdə cihaz dənin növünə və fincanın ölçüsünə uyğun dəmləmə profili yaradır. Bundan sonra suyun temperaturunu, axın sürətini, fasilələrin müddətini və qarışdırılma səviyyəsini dəyişmək mümkündür. Seçilən ayarlar qəhvənin normadan az və ya çox dəmlənməsinə səbəb ola bilərsə, sistem istifadəçiyə xəbərdarlıq edir.
    Cosori 510 manatlıq, baristanı təqlid edən qəhvə aparatı hazırlayıb
        İstifadəçilər bütün ayarları əl ilə dəyişə, süni intellektin xəbərdarlıqlarından isə köməkçi kimi yararlana bilərlər. Daha sadə istifadə üçün müxtəlif qəhvə və qovrulma növlərinə uyğun, tək toxunuşla seçilən hazır rejimlər də mövcuddur. Lakin paket skanının bütün qəhvə markaları ilə işləyib-işləməyəcəyi hələ açıqlanmayıb.
        “Juni”də həftənin hər günü üçün ayrıca saata qurula bilən taymer də var. Cihaz istifadəçiyə gecədən su və qəhvə əlavə etməyi xatırlada bilir. “Cosori Juni” 299,99 dollara (təxminən 510 manat) satılır. Müqayisə üçün, oxşar imkanlar təklif edən “Fellow Aiden Precision Coffee Maker” modelinin siyahı qiyməti 365 dollardır (təxminən 620 manat).

    Şərhlər

    Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.

    Şərhlər yüklənir...