Ən nazik qatlana bilən smartfon: Honor Magic V2 təqdim olunub - QİYMƏTİ
Cihazlar+
12.07.2023
Emil Nəcəfov
Son zamanlarda olmuş çoxlu sayda məlumat sızıntısından sonra Honor şirkəti öz yeni qatlana bilən smartfonu Honor Magic V2-ni təqdim edib. Sözügedən yeni qatlana bilən smartfon hal hazırda mobil cihazlar bazarında ən təkmilləşdirilmiş qatlana bilən smartfon hesab edilir. O, qatlana bilən smartfonlar üçün rekord gövdə nazikliyinə, Snapdragon prosessoruna və böyük həcmli batareyaya sahibdir. Şirkət Honor Magic V2-də titan ərintisindən hazırlanmış yeni şarnir konstruksiyasından istifadə edib. Bunun nəticəsində qatlana bilən smartfon yüngül çəkiyə və yüksək dözümlüyə sahib olub. Şirkətin sözlərinə əsasən yeni şarnir konstruksiyası sayəsində daxili ekran üzərindəki qatlanma izinin ölçüsü yalnız 20 000 dəfə qatlanmadan sonra 36 mikrometr dəyişir. Lakin Honor Magic V2-nin əsas üstünlüyü qalınlığındadır.
Belə ki, smartfon tam açıq vəziyyətdə 4.7 mm, qatlanmış vəziyyətdə isə 9.9 mm qalınlığa sahibdir. Müqayisə üçün qeyd etmək lazımdır ki, tam açıq vəziyyətdə Huawei Mate X3-ün qalınlığı 5.3 mm, Galaxy Z Fold 4-ün qalınlığı 6.3 mm təşkil edir. Honor Magic V2 smartfonu iki ədəd ekrana sahibdir. Onlardan biri smartfonun daxilində, digəri isə xaricində yerləşir. Smartfon 120 Hz-lik təsvir yenilənməsinə sahib 7.92 düym daxili OLED və 120 Hz-lik təsvir yenilənməsinə sahib 6.43 düym xarici OLED ekran ilə təchiz olunub. Daxili ekranın maksimal parlaqlıq səviyyəsi 1600 nit, xarici ekranın maksimal parlaqlıq səviyyəsi isə 2500 nit təşkil edir. Həm xarici həm də daxili ekranın yuxarı mərkəz hissəsində ön kamera üçün nəzərdə tutulmuş kiçik dairəvi çıxıntı yerləşdirilib.
Bununla yanaşı hər iki ekran stilus dəstəyinə sahibdir. Barmaq izi skanı texnologiyası yandırıb/söndürmə düyməsinə inteqrasiya edilib. Smartfon özündə həmçinin stereo səsgücləndiriciləri və kontaktsız ödənişlər üçün NFC çipini birləşdirir. Əsas texniki göstəricilərə gəldikdə isə Honor Magic V2 Snapdragon 8 Gen 2 prosessorunun sürətləndirilmiş versiyası, 16 GB RAM, 256/512 GB/1 TB daxili yaddaş həcmi, 50 MP + 50 MP + 20 MP üçlü arxa kamera, hər biri 16 MP olmaqla iki ədəd ön kamera və 66 vatt gücündə sürətli şarj texnologiyalı 5000 mAh enerji tutumlu batareya ilə təchiz olunub. Honor Magic V2 MagicOS 7.2 interfeysli Android 13 vasitəsilə çalışır. Smartfon 20 iyul tariixndə Çin bazarında satışa çıxacaq. Onun qlobal versiyada satışlarına böyük ehtimal ilə müəyyən müddətdən sonra start veriləcək. Smartfonun Çin bazarındakı satışları isə aşağıdakı kimi olacaq.
- 256 GB yaddaşa sahib model - 1255$
- 512 GB yaddaşa sahib model - 1395$
- 1 TB yaddaşa sahib model - 1670$.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
6 yaşlı uşağın 17 həkim tərəfindən çarə tapıla bilməyən xəstəliyini süni intellekt həll edib!
Kvant fizikasında inqilab: maddənin yeni aqreqat halı kəşf edilib!