Tesla sürüş sistemini yeniləyir: təhlükəyə müdaxilə 25 dəfə yaxşılaşıb
“Tesla” “Full Self-Driving v15” yeniləməsini yaymağa başlayıb. Şirkətin məlumatına görə, avtomobilin ətrafı görməsi və qərar verməsi üçün işləyən sistemlər yenilənib. “Tesla”nın iddiasına görə, yeni görüntü emal sistemi ilə təhlükəli hallara müdaxilə göstəricisi 25 dəfə yaxşılaşıb. Sistem milyonlarla internet videosu ilə öyrədilib.
Əsas yenilik “Tesla Reality View” funksiyasıdır. Sürücü FSD-nin planlaşdırdığı hərəkətləri real vaxtda görə və idarə edə bilir. Görüntü avtomobilin üzərindəki virtual kameranın baxış bucağından kompüterdə yaradılır. Tam ekran, xəritə, bölünmüş ekran və sakit rejim arasında seçim etmək olur.
Qarşıdakı dönüşlər artıq birbaşa sürüş görüntüsündə görünür. Naviqasiya səfərin başlanğıcı və sonunda digər “Tesla” avtomobillərinin daha çox seçdiyi yolları nəzərə alır. Sonrakı v15 yeniləmələrində bu funksiya bütün marşrut boyu işləyəcək. FSD əvvəlki parklanma tarixçəsinə baxa, təyinat yerində bir neçə boş park yeri göstərə bilər.
Yeni versiya yol nişanlarını, heyvanları, maneələri, çalaları və yolda yığılan suyu daha yaxşı tanıyır. Məktəb zonalarında və pis havada sürəti daha təbii tənzimləyir. FSD sürət kamerasını gördükdə avtomobili yavaşlada bilir, amma sürücü qaz pedalına basaraq müdaxiləni dayandıra bilər. Eyni kameranın yanında bu müdaxilə 2 dəfə ləğv olunarsa, avtomobil həmin yeri yadda saxlayır və növbəti dəfə sürəti azaltmır.
“Bike Rack Mode” velosiped dayağı və oxşar qoşqu aksesuarları quraşdırıldıqda FSD-dən yararlanmaq üçündür. Rejim aktiv olanda avtomobil təyinat yerinin yaxınlığında kənara çəkilir və geriyə getmir. “Autopark”, “Summon”, geriyə hərəkət siqnalları və xəbərdarlıqları da sönür. Yeniləmə hələ də sürücünün nəzarətini tələb edir. “Tesla” onun ilk olaraq hansı avtomobillərə göndəriləcəyini açıqlamayıb.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...