FCC DJI məhsullarını başqa brendlərin adı ilə satan şirkətləri qadağan etməyə hazırlaşır
ABŞ Federal Rabitə Komissiyası (FCC) DJI məhsullarını başqa brendlərin adı altında satan şirkətlərə qarşı yeni qadağa tətbiq etməyi planlaşdırır. Təklif olunan qadağa Cogito, Fikaxo, Lyno Dynamics, Skyhigh Tech, Spatial Hover, SZ Knowact, WaveGo, Xtra və XAG şirkətlərinin məhsullarını əhatə edir. FCC bu şirkətlərin yenidən markalanmış və korpusu dəyişdirilmiş DJI dronları və kameralarını satdığından şübhələnir. Komissiya sözügedən məhsulların ABŞ milli təhlükəsizliyi üçün “qəbuledilməz risk” yaratdığını bildirir.
FCC bir həftə əvvəl həmin şirkətlərin məhsullarını ölkənin “Covered List” siyahısında yer alan məhsulların məhdudiyyətlərindən yayınaraq satıb-satmadığını araşdırmaq üçün göndərilən rəsmi sorğulara cavab vermədiklərinə görə hər birinə 25 min dollar cərimə tətbiq etməyi təklif etmişdi.
FCC-nin xarici istehsal dronlarını siyahıya əlavə etdiyi zaman verdiyi açıqlamaya görə, məhdudiyyət yalnız yeni modellərə şamil olunmalı idi. Lakin hazırkı təklif daha əvvəl ABŞ-də istifadəsinə icazə verilmiş və DJI məhsullarının yenidən dizayn edilmiş versiyaları olduğu ehtimal edilən bəzi cihazları da əhatə edir.
“The Verge”in məlumatına görə, FCC 2025-ci ilin oktyabrında “Covered List”ə daxil edilmiş şirkətlərin cihazlarını geriyə dönük şəkildə qadağan etmək səlahiyyəti əldə edib. Hazırkı təklif isə komissiyanın bu səlahiyyətdən ilk dəfə istifadə etməsi ola bilər.
Paylaş