
Galaxy S23 smartfonları bütün regionlarda Snapdragon prosessoru ilə satılacaq
İnternetdə artıq dəfələrlə məlumat ortaya çıxıb ki, Samsung şirkəti Galaxy S flaqman smartfon seriyasında fərdi Exynos prosessorlarının istifadəsindən imtina etmək niyyətindədir. Nüfuzlu insayderlərdən biri bu məlumatı təsdiqləyib. Belə ki, Ice Universe ləqəbli məşhur insayderin təqdim etdiyi məlumata əsasən Samsung şirkəti Galaxy S23, Galaxy S23+ və Galaxy S23 Ultra smartfonlarının təkcə ABŞ və Asiya bazarı üçün nəzərdə tutulmuş versiyalarını deyil, həmçinin Avropa bazarı üçün nəzərdə tutulmuş versiyalarını da Snapdragon prosessoru ilə təchiz etmək niyyətindədir.
Bununla belə məlumatda qeyd edilib ki, Samsung öz yeni flaqman smartfonlarında Snapdragon 8 Gen 2-nin adi versiyasını deyil, sözügedən prosessorun yüksək tezlikdə çalışan eksklüziv versiyasından istifadə edəcək. İnsayder bildirib ki, Snapdragon 8 Gen 2-nin yüksək tezlikdə çalışan versiyasını gələn il yalnız Galaxy S23 smartfonlarında görmək mümkün olacaq. Qeyd etmək lazımdır ki, Qualcomm şirkəti Snapdragon 8 Gen 2-ni dünən təqdim edib. Sözügedən prosessor 4 nanometrlik texnoloji proses əsasında hazırlanıb və özündə bir sıra yeni texnologiyanın dəstəyini birləşdirir.
Paylaş
Bənzər xəbərlər