Galaxy S27 Pro və Ultra telefonları daha parlaq məxfilik ekranı ala bilər
“Samsung”un 2027-ci ilin əvvəlində çıxaracağı gözlənilən “Galaxy S27” seriyası barədə yeni məlumat yayılıb. İddiaya görə, “Galaxy S27 Pro” və “Galaxy S27 Ultra” modellərində təkmilləşdirilmiş “Privacy Display” ekranı olacaq. Bu funksiya ilk dəfə cari ilin əvvəlində satışa çıxan “Galaxy S26 Ultra”da işlədilib.
“Privacy Display” ekrana yandan baxan şəxslərin görüntünü görməsini çətinləşdirərək şəxsi məlumatları qoruyur. Bildiriş gələndə ekranın yalnız müəyyən hissəsi qaraldılır və mesajı əsasən telefon sahibi görə bilir. Yeni versiyada parlaqlığın artacağı deyilir. Bu dəyişiklik günəş işığı altında ekranın daha rahat oxunmasına kömək edəcək.
Əvvəlki məlumatlara görə, “Galaxy S27” və “Galaxy S27+” modellərində də “Privacy Display” ola bilərdi. Ancaq son sızıntılar funksiyanın yalnız seriyanın yuxarı pillədə yerləşən 2 modelində olacağını göstərir. “Galaxy S27 Pro”nun indiki Ultra modelini əvəzləyə biləcəyi də ehtimal olunur. Bununla belə, “Samsung” modellərin seriyadakı yeri barədə hələ rəsmi açıqlama verməyib.
Yeni ekranda parlaqlıqdan başqa hansı yeniliklərin olacağı bilinmir. Məxfilik rejimi açıq olanda görüntü keyfiyyəti və baxış rahatlığındakı itkilərin azalıb-azalmayacağı da açıqlanmayıb. “Samsung”un “Galaxy S27” seriyasını 2027-ci ilin əvvəlində təqdim edəcəyi gözlənilir, ancaq dəqiq tarix hələ məlum deyil.
Şərhlər
Şərh yazmaq üçün Google və ya Facebook hesabınızla daxil olun.
Şərhlər yüklənir...