Galaxy Z Flip 8 haqqında ilk detallar
Technote.az “Mashable” platformasına istinadən bildirir ki, Samsung-un növbəti qatlanan smartfonu Galaxy Z Flip 8 ilə bağlı yeni məlumatlar ortaya çıxıb. Koreyalı Lanzuk-un paylaşdığı detallara görə, şirkət bu modeldə dizayn və istifadə təcrübəsini daha da təkmilləşdirməyə fokuslanır.
Sızdırılan məlumatlara əsasən, Galaxy Z Flip 8 əvvəlki modelə nisbətən bir qədər daha geniş olacaq. Bununla yanaşı, cihazın çəkisi də azaldılıb, təxminən 180 qram. Müqayisə üçün qeyd edək ki, ötən ilin modeli olan Samsung Galaxy Z Flip 7 188 qram idi. Bu dəyişikliklər cihazın gündəlik istifadədə daha rahat olmasına yönəlib.
Yeniliklər bununla bitmir. Hesabata görə, Samsung bu modeldə tamamilə yeni menteşə mexanizmi tətbiq etməyə hazırlaşır. Detallar açıqlanmasa da, bu yeniliyin qatlanma keyfiyyətini və cihazın uzunömürlülüyünü artıracağı gözlənilir. Ən diqqətçəkən məqamlardan biri isə ekranla bağlıdır. Sızıntıya görə, Galaxy Z Flip 8-də demək olar ki, izsiz, yəni qat izi görünməyən ekran istifadə oluna bilər. Qatlanan telefonlarda uzun müddət əsas problem sayılan bu detalın aradan qaldırılması bazar üçün ciddi irəliləyiş hesab olunur.
Gözləntilərə əsasən, Samsung yeni Samsung Galaxy Z Flip 8 modelini digər qatlanan cihazlarla birlikdə bu yay, böyük ehtimalla iyul ayında keçiriləcək təqdimatda elan edəcək. Eyni tədbirdə Samsung Galaxy Z Fold 8 və yeni “Wide Fold” modelinin də təqdim olunacağı bildirilir.
Paylaş