Logo
    main-post-cover

    Gələcəyin telefonları MWC-də təqdim olunacaq

    Cihazlar+
    27.02.2026
    Ilhama
        Technote.az "The Verge” platformasına istinadən bildirir ki, son illərdə smartfon bazarı nisbətən monoton görünürdü. Kiçik performans artımları, kamera təkmilləşdirmələri və süni intellekt funksiyaları ilə məhdudlaşan yeniliklər istifadəçiləri ciddi şəkildə həyəcanlandırmırdı. Lakin gələn həftə keçiriləcək Mobile World Congress 2026 (MWC) bu sakitliyi poza bilər. Bir vaxtlar Samsung, Sony, LG və HTC kimi nəhənglərin əsas flaqmanlarını təqdim etdiyi MWC əvvəlki nüfuzunu tam qorumasa da, hələ də CES-dən daha çox telefon təqdimatına ev sahibliyi edir. Xüsusilə Çin istehsalçıları və niş seqment brendlər bu platformadan qlobal bazarda diqqət qazanmaq üçün istifadə edir.
        Bu ilin ən böyük təqdimatlarından biri Xiaomi-yə məxsus olacaq. Şirkət şənbə günü planlaşdırdığı tədbirdə planşetlər, ultra nazik powerbank-lər, qulaqlıqlar və smart trekerlər nümayiş etdirəcək. Lakin əsas diqqət “Leitzphone” modelinə yönələcək. Bu cihaz Xiaomi 17 Ultra modelinin davamıdır və arxa hissəsində yerləşən fırlanan kamera halqası ilə fərqlənir. İstifadəçi fiziki olaraq halqanı çevirərək optik zoom-u idarə edə biləcək. Bu, həm texniki, həm də dizayn baxımından fərqli yanaşmadır və “gimmick” kimi görünə bilsə də, bazarda yenilik hissi yaradır.
        Bazar günü isə səhnəyə Honor çıxacaq. Şirkət artıq dünyanın ən nazik planşeti adlandırdığı MagicPad 4 modelini təqdim edib. Eyni zamanda yeni nəsil qatlanan telefonunu və “Robot Phone” adlandırılan konsept cihazını nümayiş etdirməsi gözlənilir. Bu modelin arxa hissəsindən açılan və gimballa sabitlənmiş kamera qolu var. Quruluş baxımından bu cihaz bir qədər smartfon, bir qədər də kamera aksesuarını xatırladır və hətta DJI Osmo Pocket-ə bənzədilir. Honor həmçinin humanoid robot texnologiyaları istiqamətində ilk addımlarını da təqdim edə bilər.
        Bunlar yalnız əsas brendlərdir. Nothing Phone 4A seriyasını və yeni qulaqlıqlarını martın 5-də təqdim edəcək. Tecno maqnitli və modul quruluşlu, dəyişdirilə bilən linzalara malik konsept smartfonunu göstərməyə hazırlaşır. Vivo kamera yönümlü X300 Ultra modelini elan edə bilər. Lenovo isə hər zamankı kimi sərhədləri aşan konsept cihazlarla diqqət çəkməyə çalışacaq. MWC-də qeyri-adi qurğular artıq ənənəyə çevrilib. Keçmiş illərdə modul kamera aksesuarları, rəng dəyişən dizaynlar və hətta biləyə dolanan konsept telefonlar nümayiş etdirilmişdi. Bu il də texnologiya şirkətləri diqqət uğrunda mübarizədə riskli addımlar atmağa hazır görünür.
        Bütün bunlar isə Apple fonunda baş verir. Şirkət MWC ilə eyni həftədə öz təqdimatlarını planlaşdırıb. Sızan məlumatlara görə, daha sərfəli MacBook modelləri və iPhone 17E təqdim edilə bilər. Apple kimi nəhənglə rəqabətdə diqqət qazanmaq üçün “təhlükəsiz” strategiya artıq kifayət etmir. Son günlərdə təqdim edilən Pixel 10A və Galaxy S26 kimi modellər isə əsasən kiçik texniki yeniləmələrlə kifayətləndi. Buna görə də MWC 2026 bazara yenidən “hardware həyəcanı” qaytara biləcək nadir platformalardan biri kimi görünür.
    Paylaş