Google Android istifadəçiləri üçün yaddaş qaydalarını dəyişir
Google Android istifadəçiləri üçün bulud yaddaşı siyasətində dəyişiklik edib. İyulun 7-dən etibarən Android cihazlarının bütün ehtiyat nüsxələri (backup) istifadəçinin Google hesabındakı yaddaş limitinə daxil ediləcək. İndiyədək yalnız Google Photos-a yüklənən media faylları və MMS mesajlarındakı foto və videolar yaddaş limitindən yer tuturdu. Yeni qaydaya əsasən isə cihaz parametrləri, tətbiq məlumatları, zəng tarixçəsi və digər ehtiyat nüsxə məlumatları da hesablanacaq.
Şirkətin açıqlamasına görə, bu dəyişiklik orta hesabla istifadəçilərə cəmi 40 MB əlavə yaddaş yükü yaradacaq. Yeni Android istifadəçiləri üçün qayda dərhal qüvvəyə minib, mövcud istifadəçilər üçün isə mərhələli şəkildə tətbiq olunacaq. Google eyni zamanda istifadəçilərə daha çox nəzarət imkanı təqdim edir. Android-in ehtiyat nüsxə bölməsində istifadəçilər hansı məlumatların buluda yüklənəcəyini özləri seçə biləcəklər. Məsələn, cihaz parametrləri, zəng tarixçəsi, SMS və MMS mesajları və ya müəyyən tətbiqlərin məlumatlarının ehtiyat nüsxəsini söndürmək mümkün olacaq.
Bu, Google-un son aylarda yaddaş siyasətində etdiyi növbəti dəyişiklikdir. Şirkət may ayında yeni hesablar üçün pulsuz yaddaş limitini bəzi hallarda 15 GB-dan 5 GB-a endirməyə başladığını da açıqlamışdı.
Paylaş