Logo
    main-post-cover

    Google ekranı olmayan yeni “Fitbit Air” cihazını təqdim etdi

    Cihazlar+
    07.05.2026
    Sevinj
        Technote.az “Engadget” platformasına istinadən bildirir ki, Google Fitbit yeni nəsil ağıllı fitnes trekeri olan “Fitbit Air” modelini təqdim edib. Şirkətin mart ayında anons etdiyi Whoop tərzli ekran­sız cihaz artıq rəsmi olaraq nümayiş olunub və 100 dollardan ön sifarişə açılıb.
        “Fitbit Air” klassik ağıllı saatlardan fərqli olaraq ekransız və çox daha kiçik formaya malikdir. Cihaz müxtəlif aksessuarlara yerləşdirilə bilir və əsasən bilək üçün nəzərdə tutulub. Google bildirir ki, yeni model Fitbit Luxe modelindən 25 faiz, Fitbit Inspire 3 cihazından isə 50 faiz daha kiçikdir.
        Yeni treker gün ərzində ürək ritmini izləyir, yuxu mərhələlərini analiz edir və istifadəçiyə “Sleep Score” təqdim edir. Bundan əlavə cihaz AFib riskini göstərən nizamsız ürək ritmini aşkarlaya, HRV məlumatlarını izləyə və ümumi sağlamlıq barədə məlumat verə bilir.
        “Fitbit Air” istifadəçinin məşqə başladığını avtomatik müəyyən edir və 140-dan çox idman növünü izləyə bilir. Qaçış, velosiped, yürüş, rowing və digər yüksək aktivlik tələb edən məşqlər dəstəklənir. Cihaz həmçinin həftəlik kardio yükü, aktivlik müddəti və hazır olma səviyyəsi kimi göstəriciləri də təqdim edir.
        Google bu modeldə süni intellekt funksiyalarına xüsusi diqqət ayırıb. Gemini əsaslı “Google Health Coach” istifadəçilə söhbət formasında işləyərək şəxsi məlumatlara əsaslanan məşq və sağlamlıq tövsiyələri verir. Sistem istifadəçinin performansına və gündəlik qrafikinə uyğun planlar hazırlaya bilir. Şirkət bildirir ki, yeni maşın öyrənməsi modelləri əvvəlki Fitbit alqoritmlərindən 15 faiz daha dəqiq işləyir və yuxu analizləri daha real nəticələr göstərir.
        “Fitbit Air” üçün hazırda üç fərqli qolbaq seçimi təqdim olunur: idman üçün silikon versiya, mikro tənzimlənə bilən Performance Loop modeli və daha premium görünüşlü Elevated Modern Band. Cihaz bir dəfə enerji ilə təxminən 1 həftə işləyə bilir. 5 dəqiqəlik sürətli enerji doldurma isə 1 günlük istifadə imkanı yaradır.
        Google basketbol ulduzu Stephen Curry ilə birlikdə xüsusi “Fitbit Air Special Edition” versiyasını da təqdim edib. Bu model əlavə suya davamlı örtük və xüsusi dizayn detalları ilə gəlir və qiyməti 130 dollardır. Yeni “Fitbit Air” mayın 26-da satışa çıxacaq.
    Paylaş