Google Maps Cənubi Koreyada tam fəaliyyətə başlayır
Technote.az "Engadget” platformasına istinadən bildirir ki, Google uzun illərdən sonra Cənubi Koreyada tam funksional Google Maps xidməti təqdim edə biləcək. The New York Times nəşrinin məlumatına görə, şirkət ölkənin Nəqliyyat Nazirliyindən coğrafi məlumatları ölkə xaricinə ixrac etmək üçün icazə alıb. Bu qərar Google-a real vaxt rejimində sürücülük və piyada marşrutları, eləcə də restoran və digər bizneslər haqqında detallı məlumatlar təqdim etməyə imkan verəcək.
Google-un yüksək vəzifəli rəhbərlərindən biri olan Kris Törner bildirib ki, şirkət bu qərarı alqışlayır və yerli qurumlarla əməkdaşlığı davam etdirərək Koreyada tam işlək Google Maps xidməti təqdim etməyə hazırdır. Lakin hökumət qərarın ciddi təhlükəsizlik şərtləri ilə verildiyini vurğulayıb. Bu şərtlərə əsasən, Google həssas hərbi obyektləri və dəqiq coğrafi koordinatları xəritədə göstərməməlidir.
Cənubi Koreya indiyə qədər milli təhlükəsizlik səbəbilə 1/5000 miqyaslı detallı xəritə məlumatlarının ixracını məhdudlaşdırırdı. Ölkə hələ də texniki baxımdan Şimali Koreya ilə müharibə vəziyyətində olduğu üçün bu sahədə xüsusi həssaslıq mövcuddur. Google isə 2007 və 2016-cı illərdə oxşar icazə üçün müraciət etsə də, müsbət cavab ala bilməmişdi. Məlumatların paylaşılmaması ABŞ ilə aparılan ticarət danışıqlarında da mübahisə mövzusu olmuşdu. Google bildirirdi ki, mövcud məhdudiyyətlər yerli tətbiqlər, xüsusilə Naver və Kakao kimi platformalar üçün üstünlük yaradır və şirkətin bazarda rəqabət imkanlarını zəiflədir.
Paylaş